Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, yeni investisiyaların cəlb olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və əhalinin məşğulluq imkanlarının artırılması əsas vəzifələrdəndir.
Trend-in sərgidə iştirak edən müxbirinin xəbərinə görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin (Rebuild Garabagh) iştirakçılarına müraciətində bildirib.
O qeyd edib ki, artıq ənənəvi xarakter almış “Rebuild Garabagh” sərgisi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin, müasir şəhərsalma və infrastruktur həllərinin, eləcə də regionun iqtisadi və investisiya potensialının təqdim olunduğu mühüm platformaya çevrilib.
E.Yusubovun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.
O bildirib ki, regionda müasir yaşayış məntəqələri, sosial obyektlər, nəqliyyat və kommunal infrastruktur yaradılır, iqtisadi fəaliyyətin bərpası və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində mühüm layihələr reallaşdırılır.
Xüsusi nümayəndə vurğulayıb ki, artıq qurulan infrastruktur və yaradılan imkanlar əsasında dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, yeni investisiyaların cəlb olunması, sahibkarlığın genişləndirilməsi və məşğulluğun artırılması xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, bu baxımdan dövlət və özəl sektor arasında əməkdaşlığın, yerli və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi vacibdir.
E.Yusubov bildirib ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının da iqtisadi inkişaf prosesinə fəal şəkildə inteqrasiyası Qarabağın ümumi inkişaf potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, “Rebuild Garabagh” sərgisi bu istiqamətdə mühüm imkanlar yaradır. Sərgi çərçivəsində təqdim olunan müasir texnologiyalar, innovativ həllər, tikinti və infrastruktur layihələri, şəhərsalma yanaşmaları və investisiya imkanları Qarabağın gələcək inkişafına dair yeni təşəbbüslərin formalaşmasına və faydalı əməkdaşlıqların qurulmasına xidmət edir.
Xüsusi nümayəndə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa prosesi yalnız dağıdılmış infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır.
“Qarabağda müasir, təhlükəsiz, rahat və dayanıqlı yaşayış mühitinin formalaşdırılması, iqtisadi fəallığın artırılması və regionun ölkə iqtisadiyyatına tam inteqrasiyası qarşıya qoyulan əsas məqsədlərdəndir”, – deyə o bildirib.
E.Yusubov qeyd edib ki, bu prosesdə biznes ictimaiyyətinin, investorların, tikinti və şəhərsalma mütəxəssislərinin, innovasiya və texnologiya şirkətlərinin fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.
O, VI “Rebuild Garabagh” sərgisinin yeni layihələrin, investisiya təşəbbüslərinin və qarşılıqlı faydalı tərəfdaşlıqların yaranmasına, Qarabağ və Şərqi Zəngəzurun davamlı inkişafına, eləcə də regionda yeni iqtisadi imkanların formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
E.Yusubov tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib, iştirakçılara uğurlu təqdimatlar, məhsuldar görüşlər və yeni əməkdaşlıqlar arzulayıb.