Azərbaycan və Laos arasında ticarət-logistika, energetika, investisiya, turizm və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. İki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi məqsədilə birgə biznes şurasının və ya işçi qrupunun yaradılması təklif olunur.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Tanonqsin Kanlaqna (Thanongsinh Kanlagna) çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Laos Biznes Forumunda deyib.
O, çıxışı zamanı forumun təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib və Bakıda olmaqdan məmnunluğunu ifadə edib.
T.Kanlaqnanın sözlərinə görə, Azərbaycan və Laos coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, hər iki ölkə regionlar arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayır: "Azərbaycan Orta Dəhliz vasitəsilə Xəzər dənizini, Mərkəzi Asiyanı və Avropanı birləşdirir, Laos isə regional tranzit mərkəzinə çevrilməyi hədəfləyir. Bu gün biz sadə bir sual veririk: bu iki körpü ölkələrimizin, qonşu dövlətlərin və bütövlükdə regionların xeyrinə necə daha yaxşı birləşdirilə bilər?”, - deyə o bildirib.
Palata rəsmisi əməkdaşlığın ilk istiqaməti kimi ticarət və logistikanı qeyd edib. Onun sözlərinə görə, Laos Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) 680 milyondan çox əhalisi olan bazarına çıxış imkanları təklif edir. Azərbaycan isə Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Avropa bazarlarına çıxış üçün əlverişli mövqeyə malikdir.
O bildirib ki, iki ölkənin ticarət və logistika şirkətləri Laosun qəhvə, düyü və digər kənd təsərrüfatı məhsullarının, eləcə də Azərbaycanın ərzaq, neft-kimya və sənaye məhsullarının yeni bazarlara çatdırılması üçün alternativ marşrutlar yarada bilərlər.
T.Kanlaqna energetika və yaşıl keçidi də əməkdaşlığın perspektivli istiqamətləri sırasında göstərib. Onun sözlərinə görə, Azərbaycan energetika sahəsində zəngin təcrübəyə malikdir və bərpaolunan enerji layihələrinə investisiyalar yatırır. Laos isə hidroenerji potensialından istifadə etməklə Cənub-Şərqi Asiyanın enerji təminatında mühüm rol oynamağı, eyni zamanda günəş və külək enerjisi sahələrini inkişaf etdirməyi hədəfləyir.
O vurğulayıb ki, bu sahələrdə texnologiya və investisiya mübadiləsi, enerji idarəetməsinin təkmilləşdirilməsi, enerjinin səmərəli bölüşdürülməsi və istehlakı üzrə əməkdaşlıq üçün imkanlar mövcuddur.
LNCCI-nin icraçı vitse-prezidenti investisiya əməkdaşlığı çərçivəsində xüsusi iqtisadi zonaların imkanlarından istifadənin vacibliyini də qeyd edib. O bildirib ki, Laosda istehsal, kənd təsərrüfatı məhsullarının emalı, yüksək texnologiyalı sənaye və xidmət sahələrinə investisiyaları təşviq edən 20-dən çox xüsusi iqtisadi zona fəaliyyət göstərir.
“Azərbaycanın investisiya dairələrinin nümayəndələrini Laosun xüsusi iqtisadi zonalarının imkanlarını araşdırmağa dəvət edirəm. Eyni zamanda, Laos investorlarını Azərbaycanın xüsusi iqtisadi zonalarının imkanlarından və investisiyaların təşviqi sahəsində təcrübəsindən yararlanmağa çağırırıq”, - deyə o bildirib.
T.Kanlaqna turizm, rəqəmsal transformasiya və insan kapitalını da qarşılıqlı əməkdaşlığın mühüm istiqamətləri kimi göstərib. Onun sözlərinə görə, hər iki ölkənin zəngin mədəniyyəti, qonaqpərvərlik ənənələri və turizm potensialı bu sahədə birgə təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
O qeyd edib ki, turizmin təşviqi, rəqəmsal ticarət, elektron hökumət xidmətləri və kiçik və orta sahibkarlığın inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsi, xüsusilə gənc sahibkarlar arasında əlaqələrin qurulması vacibdir.
Palata rəsmisi bildirib ki, Laos Milli Ticarət və Sənaye Palatası iki ölkənin özəl sektorları arasında əlaqələrin qurulmasına və biznes tərəfdaşlığının inkişafına dəstək verməyə hazırdır.
Onun sözlərinə görə, palata Laosun 17 vilayətini və paytaxt Vientianı əhatə edir, 5 mindən çox qeydiyyatdan keçmiş şirkəti birləşdirir. Kiçik və orta sahibkarlığa dəstək üzrə təlim və xidmət mərkəzləri ölkənin beş əsas vilayətində fəaliyyət göstərir.
T.Kanlaqna əlavə edib ki, palata Laosun ticarət və sənaye nazirliyi ilə əməkdaşlıq çərçivəsində Kiçik və Orta Sahibkarlığın Təşviqi Fondu vasitəsilə yerli müəssisələrin davamlı inkişafına, ixrac imkanlarının genişləndirilməsinə və regional təchizat zəncirlərinə inteqrasiyasına dəstək verir.
O bildirib ki, biznes forumlarının səmərəliliyi əldə olunan konkret nəticələrlə ölçülməlidir. Bu məqsədlə T.Kanlaqna üç təklif irəli sürüb: palatalar arasında əlaqələrin davamlılığını təmin etmək üçün birgə biznes şurasının və ya işçi qrupunun yaradılması, investisiyaların təşviqi və qorunması, eləcə də ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər üzrə işlərin davam etdirilməsi və qarşılıqlı biznes nümayəndə heyətlərinin səfərlərinin təşkili.
“Biznes əlaqələrinin inkişafı üçün qarşılıqlı səfərlər təşkil etməyi təklif edirik. Bu prosesə gələn il Azərbaycan biznes nümayəndə heyətinin Vientiana səfəri ilə başlamaq olar. Sizi qəbul etməkdən məmnun olarıq”, - deyə o vurğulayıb.