Azərbaycanda mikromaliyyə təşkilatlarının, xüsusilə kiçik və orta sahibkarlara kredit verən qurumların maliyyələşmə imkanlarının genişləndirilməsi istiqamətində qanunvericilik dəyişiklikləri hazırlanır. Dəyişikliklər çərçivəsində biznes kreditlərinə üstünlük verən bəzi mikromaliyyə təşkilatları üçün əlavə maliyyələşmə və əməliyyat imkanlarının yaradılması nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, mikromaliyyə sektorunda, xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində müəyyən çətinliklər mövcuddur. Hazırlanan dəyişikliklər bu problemlərin aradan qaldırılmasına, biznes kreditlərinin həcminin artırılmasına və maliyyə xidmətləri bazarında rəqabətin gücləndirilməsinə xidmət edəcək.
Ş.Mahmudzadənin sözlərinə görə, mikromaliyyə təşkilatlarının maliyyələşmə mənbələri əsasən üç istiqaməti əhatə edir: qiymətli kağızların buraxılması, banklar və digər maliyyə institutlarından borclanma, həmçinin xarici mənbələrdən vəsait cəlb edilməsi.
O qeyd edib ki, ötən ilin yayında xarici valyutada borclanma ilə bağlı tətbiq edilən hedcinq mexanizmləri ilk növbədə mikromaliyyə təşkilatlarının maliyyələşmə imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyıb.
“Xarici valyutada borclanan mikromaliyyə təşkilatlarının valyuta risklərinin hedcinq edilməsi onların maliyyələşmə xərclərinin azalmasına imkan yaradır. Bu, eyni zamanda, maliyyə bazarında rəqabəti gücləndirir”, - deyə o bildirib.
AMB rəsmisi vurğulayıb ki, mikromaliyyə təşkilatlarının alternativ maliyyələşmə mənbələrinə çıxışının olması banklar arasında da rəqabəti artırır. Belə ki, mikromaliyyə təşkilatlarının digər mənbələrdən daha sərfəli şərtlərlə vəsait cəlb etmək imkanları genişləndikdə, banklar da həmin qurumlara daha əlverişli şərtlərlə kredit verməyə maraq göstərə bilərlər.
“Əgər mikromaliyyə təşkilatlarının alternativ maliyyələşmə mənbələri olmazsa, onların seçim imkanları məhdudlaşır. Bu halda banklar daha yüksək faizlə kredit təklif edə bilərlər. Lakin xarici maliyyələşmə imkanlarının genişlənməsi və valyuta risklərinin idarə olunması mexanizmlərinin tətbiqi maliyyələşmə xərclərini aşağı sala və bankları daha rəqabətqabiliyyətli şərtlər təklif etməyə sövq edə bilər”, - deyə Ş.Mahmudzadə qeyd edib.
Onun sözlərinə görə, qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər mikromaliyyə təşkilatlarının qiymətli kağızlar vasitəsilə maliyyə cəlb etməsi imkanlarına da təsir göstərəcək. Xüsusilə istehlak kreditlərindən daha çox biznes kreditlərinə, özünüməşğulluq layihələrinə və kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönələn təşkilatlar üçün əlavə imkanların yaradılması nəzərdən keçirilir.
Ş.Mahmudzadə bildirib ki, dəyişikliklərin hazırlanması və müvafiq normativ hüquqi aktların qəbul edilməsi müəyyən vaxt tələb edir. Buna görə də yeni imkanların tətbiqi qanunvericilik prosesinin başa çatmasından sonra mümkün olacaq. Onun sözlərinə görə, əsas dəyişikliklərin tətbiqi istiqamətində işlərin gələn il mərhələli şəkildə yekunlaşması gözlənilir.
AMB-nin baş direktoru, həmçinin Mərkəzi Bankın banklara maliyyə resursları təqdim etməsi məsələsinə aydınlıq gətirib. O bildirib ki, Mərkəzi Bankın bankları maliyyələşdirməsi onların iqtisadiyyata kredit verməsi üçün daimi və ümumi fond mənbəyi yaratmaq məqsədi daşımır.
“Biz banklara elə vəsait vermirik ki, onlar həmin pulu birbaşa iqtisadiyyata yönəltsinlər. Mərkəzi Bankın banklara təqdim etdiyi maliyyələşmə alətləri əsasən likvidliyin idarə olunması və zəruri hallarda sonuncu instansiya kreditoru funksiyasının həyata keçirilməsi ilə bağlıdır. Kredit resurslarının iqtisadiyyatda bölüşdürülməsi isə bazar münasibətləri və tələbat əsasında formalaşır”, - deyə o əlavə edib.