Azərbaycan iqtisadiyyatı üçün pozitiv siqnal - xaricdən investisiyaların həcmi artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici mənbələrdən əsas kapitala 3 milyard 537,2 milyon manat investisiya yatırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 16,5 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə əsas kapitala ümumilikdə 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 faiz çoxdur.

Ümumi investisiyaların 75,9 faizi və ya 11 milyard 151,4 milyon manatı daxili mənbələrin, 24,1 faizi və ya 3 milyard 537,2 milyon manatı isə xarici mənbələrin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilən investisiyaların həcmi illik müqayisədə real ifadədə 9,2 faiz artıb.

Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 30,8 faiz artaraq 4 milyard 875,2 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi isə real ifadədə 3,1 faiz artaraq 9 milyard 813,4 milyon manata çatıb.

 

İnvestisiyaların sahələr üzrə bölgüsünə əsasən, məhsul istehsalı sahələrinə yönəldilən vəsaitin həcmi real ifadədə 19,3 faiz artaraq 8 milyard 52,1 milyon manat olub. Xidmət sahələrinə yatırılan investisiyalar 4,7 faiz artaraq 4 milyard 568,6 milyon manat təşkil edib.

Eyni zamanda, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1 faiz azalaraq 2 milyard 67,9 milyon manata düşüb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 102 milyard 48,2 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artıb.

ÜDM istehsalının 34,3 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,4 faizi tikinti, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 20,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 11,1 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 10,0 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz, digər xidmət sahələrində 1,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,1 faiz, sənayedə 0,2 faiz artıb, tikintidə isə 8,7 faiz azalıb.