FAO azad edilmiş ərazilərdə təbii ehtiyatları və aqrar imkanları üzrə proqram hazırlayır– Nasar Hayat (MÜSAHİBƏ)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat Trend-ə müsahibə verib.

Cümə günü ADA Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və FAO-nun birgə təşkil etdiyi “Ümumdünya Qida Günü 2026” adlı tədbir çərçivəsində verilən müsahibədə Nasar Hayat FAO ilə Azərbaycan arasındakı əməkdaşlıqdanb danışıb.

O, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə aqrar sahədə süni intellekt həlləri, texnoloji və rəqəmsal innovasiyalar üzrə əməkdaşlıq etdiyini, təşkilatın, həmçinin işğaldan azad edilmiş ərazilərin təbii ehtiyatlarının və kənd təsərrüfatı potensialının inkişafına dair strategiya və proqramın hazırlanması istiqamətində nazirliklə birgə işlədiyini diqqətə çatdırıb.

Nasar Hayat bildirib ki, FAO Azərbaycanda həyata keçirilməsi üçün bir sıra layihələri nəzərdən keçirir. Hazırda təşkilatın əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyinə Kənd Təsərrüfatının İnkişafı Proqramı çərçivəsində qarşıya qoyulan hədəflərə çatmaqda dəstək göstərməkdir.

“Bununla yanaşı, kənd təsərrüfatı sektoru iqlim dəyişmələri, su çatışmazlığı və torpağın sağlamlığı da daxil olmaqla müxtəlif problemlərlə üzləşir. Bunlar həmin problemlərdən yalnız bir neçəsidir. Bütün bu istiqamətlərdə dəstək göstərməyi nəzərdə tuturuq”, – deyə o qeyd edib.

FAO nümayəndəsinin sözlərinə görə, əməkdaşlıq həm nazirliyin proqram çərçivəsində nəzərdə tutulan nəticələrə nail olmasına, həm də Azərbaycan əhalisinin və fermerlərinin ehtiyaclarına xidmət etməlidir.

Nasar Hayat süni intellektin kənd təsərrüfatı da daxil olmaqla müxtəlif sahələrdə getdikcə daha faydalı vasitəyə çevrildiyini bildirib.

O vurğulayıb ki, hazırkı mərhələdə aqrar sektorda innovasiyaların tətbiqi, texnologiyalardan istifadə və rəqəmsallaşma zəruridir. Bu imkanlar yalnız ən qabaqcıl kənd təsərrüfatı texnologiyaları ilə məhdudlaşmır, fermerlərin gündəlik fəaliyyətinə təsir edən müxtəlif istiqamətləri də əhatə edir.

“Erkən xəbərdarlıq, iqlim dəyişmələri, sudan səmərəli istifadə və bazar məlumatları kimi sahələri də nəzərdən keçirə bilərik. Bunlar texnologiyanın fermerlərə daha yaxşı nəticələr əldə etməkdə və daha az resursla daha yaxşı məhsul istehsal etməkdə real dəstək göstərə biləcəyi istiqamətlərdən bəziləridir”, – deyə o bildirib.

Nasar Hayat FAO-nun Azərbaycanda kənd təsərrüfatı üçün süni intellekt həllərinin hazırlanması və tətbiqinə dəstək imkanlarının olduğunu da qeyd edib.

“Biz Kənd Təsərrüfatı Nazirliyi ilə süni intellekt həlləri, eləcə də digər texnoloji və rəqəmsal innovasiyalar üzərində işləyirik. Yalnız Azərbaycandakı ofisimizdə deyil, Ankaradakı subregional ofisimizdə, Budapeştdəki regional ofisimizdə və Romadakı baş qərargahımızda da geniş imkanlarımız var”, – deyə FAO nümayəndəsi vurğulayıb.