Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 16 milyard 862,6 milyon kubmetr qaz nəql edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 273 milyon kubmetr və ya 1,6% azdır.
Ümumilikdə, magistral qaz kəmərləri ilə 29 milyard 730,8 milyon kub-metr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz az qaz nəql edilib. Qazın nəqlinin 56,7 faizi (16 milyard 862,6 milyon kub-metr) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli başlanıb.
2018-ci ilin yayından etibarən isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş qaz kəməri – TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.
Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,1 milyon ton təşkil edib.
Bu dövrdə 15,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edək ki, bu ilin 9 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (446 min barrel), kondensat hasilatı 12 min ton (101 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (547 min barrel) olub.
Hesabat dövründə neftin emalı 4,5 milyon ton təşkil edib.
2026-cı ilin 9 ayında ölkədə 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,6 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bunun 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,2 milyard kubmetr), 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə Suriyanın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 629,5 milyon ton neft, 254,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 55 milyon tona yaxın kondensat, 285,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 682,5 milyon ton neft, 206,4 milyard kubmetr qaz ixrac olunub.