Avropa İttifaqında (Aİ) sənayeni qorumaq, yerli istehsalı dəstəkləmək və dövlət satınalmalarını tənzimləmək məqsədilə müzakirə olunan “Made in Europe” strateji təşəbbüsü Türkiyəni də əhatə etməlidir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin ticarət naziri Ömer Bolat Fransa mediasına müsahibəsində bu çağırışla çıxış edib. O vurğulayıb ki, Ankaranın maraqlarının nəzərə alınmaması illik həcmi 230 milyard dollar olan ikitərəfli ticarət dövriyyəsinə zərər vura, həmçinin Türkiyənin Avropa İttifaqı ilə Gömrük İttifaqına inteqrasiyası istiqamətində 30 il ərzində göstərdiyi səylərin nəticələrini heçə endirə bilər.
“Hər iki tərəf itirəcək. Necə ki, Aİ-nin maraqları, o cümlədən də Türkiyənin mövqeyi zərər görməməlidir. Ankara ilk gündən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməlidir”, – deyə nazir vurğulayıb.
Ö.Bolat xatırladıb ki, Türkiyənin Avropa İttifaqı ölkələri ilə ümumi ticarət dövriyyəsinin 55 milyard dolları avtomobil sektorunun payına düşür.
“Ölkəmizdə avtomobil istehsalının 75 faizi 1971-ci ildən Türkiyə bazarında fəaliyyət göstərən Avropa şirkətlərinin nəzarətindədir”, – deyə nazir bildirib.