Azərbaycan Avrasiya məkanında enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından strateji əhəmiyyətə malik ölkələrdən biridir. Asiya ilə Avropa arasında mühüm tranzit mövqeyində yerləşən Azərbaycan enerji resurslarının beynəlxalq bazarlara çatdırılması, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və təchizat zəncirlərinin dayanıqlılığının artırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türki iqtisadçı-ekspert Canip Nuray bildirib.
Ekspert qeyd edib ki, müasir dövrdə enerji və nəqliyyat təhlükəsizliyi dövlətlərin iqtisadi inkişafı ilə yanaşı, regional sabitliyin və beynəlxalq əməkdaşlığın əsas şərtlərindən birinə çevrilib.
“Geosiyasi proseslərin, qlobal təchizat zəncirlərində baş verən dəyişikliklərin və enerji bazarlarında qeyri-müəyyənliyin artdığı bir şəraitdə alternativ marşrutların yaradılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illər ərzində enerji infrastrukturunun inkişafına, ixrac marşrutlarının şaxələndirilməsinə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirib. Enerji təhlükəsizliyi yalnız resursların mövcudluğu ilə məhdudlaşmır. Eyni zamanda, həmin resursların fasiləsiz, təhlükəsiz və iqtisadi baxımdan səmərəli şəkildə istehlakçılara çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu istiqamətdə həm enerji istehsalçısı, həm də tranzit imkanlarına malik tərəfdaş kimi çıxış edərək Avrasiya məkanında əməkdaşlığın genişlənməsinə şərait yaradır. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat əlaqələrinin inkişafı ölkənin beynəlxalq logistika sistemində rolunu gücləndirir. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanı Çin və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevirir”, - deyə Canip Nuray qeyd edib.
Onun fikrincə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları infrastrukturu, avtomobil yolları və Ələt Azad İqtisadi Zonası kimi layihələr Azərbaycanın tranzit imkanlarının genişləndirilməsində mühüm rol oynayır: “Bu infrastrukturun inkişafı yüklərin daşınma müddətinin optimallaşdırılmasına, logistika xərclərinin azaldılmasına və beynəlxalq ticarət əlaqələrinin möhkəmləndirilməsinə imkan verir. Azərbaycanın Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinə verdiyi töhfələr regional əməkdaşlığın dərinləşdirilməsi baxımından da əhəmiyyətlidir. Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, eləcə də Mərkəzi Asiya dövlətləri və Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsi vahid iqtisadi və logistika məkanının formalaşmasına əlavə imkanlar yaradır. Azərbaycanın enerji və nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar, beynəlxalq layihələrdə iştirakı və tranzit potensialının artırılması ölkənin gələcəkdə də Avrasiya məkanında mühüm iqtisadi tərəfdaş kimi mövqeyini gücləndirəcək”.
Canip Nuray vurğulayıb ki, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi, infrastrukturun dayanıqlılığı və dövlətlər arasında koordinasiya müasir Avrasiya iqtisadiyyatının əsas prioritetlərindəndir. Azərbaycanın bu istiqamətlərdə həyata keçirdiyi siyasət regional əməkdaşlığın genişlənməsinə və Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verə bilər.