Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İran İslam Respublikasına 11,793 milyon ABŞ dolları dəyərində 175,237 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Bundan başqa, hesabat dövründə Azərbaycan İrandan 14,471 milyon ABŞ dolları dəyərində 215,022 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib.
Ötən ilin eyni dövründə iki ölkə arasında təbii qaz (qaz halında) idxal və ixracı qeydə alınmayıb.
Ümumilikdə isə 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan 8 ölkəyə 5,711 milyard ABŞ dolları dəyərində 16,378 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 286,011 milyon ABŞ dolları və ya 4,8%, həcm baxımından isə 75,102 milyon kubmetr və ya 0,5% azdır.
Bundan başqa, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycan cəmi bir ölkədən – İran İslam Respublikasından 14,471 milyon ABŞ dolları dəyərində 215,022 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 36,321 milyon ABŞ dolları dəyərində 233,303 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,850 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 18,281 milyon kubmetr və yaxud 7,8% azalıb.
Enerji sahəsi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Tərəflər qaz ticarəti, svop əməliyyatları və regional enerji layihələri üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində dialoqu davam etdirirlər.
İran tərəfi də bu əməkdaşlığın inkişafında maraqlı olduğunu bəyan edir.
İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icraçı direktoru Səid Təvəkkoli Trend-ə eksklüziv müsahibəsində bildirib ki, Tehran Azərbaycanla qaz mübadiləsi və svop əməliyyatlarının genişləndirilməsinə hazırdır.
"İranın qaz infrastrukturu qaz svopu və mübadiləsi üzrə əməkdaşlıq üçün bütün imkanlara malikdir. Bu istiqamətdə müzakirələr aparılır və ümid edirik ki, onlar yaxın gələcəkdə praktik addımlarla nəticələnəcək", - deyə o qeyd edib.
Təvəkkolinin sözlərinə görə, İranın Milli Qaz Şirkəti ilə SOCAR arasında uzunmüddətli qaz müqaviləsinin müddəti yenidən uzadılıb və mövcud əməkdaşlıq uğurla davam edir.
"Azərbaycanın digər qonşu ölkələrlə İran üzərindən qaz svopu və mübadiləsi üzrə razılaşmaları olacağı təqdirdə, İran bu əməkdaşlığa tam hazırdır", - deyə nazir müavini bildirib.