Şimal-Cənub Beynəlxalq Dəhlizi çərçivəsində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə əməliyyat işləri davam etdirilir.
Bunu Trend-ə açıqlamasında İranın Gilan vilayətinin valisi Hadi Haqşenas deyib.
“Uzunluğu 162 kilometr olan Rəşt-Astara dəmiryolu xəttinin keçdiyi ərazinin təxminən 120 kilometrinin mülkiyyəti vətəndaşlardan satın alınıb”, - deyə o qeyd edib.
Gilan valisi əlavə edib ki, 42 kilometrin mülkiyyətinin satın alınması üzrə işlər davam etdirilir və sahibkarlara ödənişlər edildiyi halda, həmin ərazilərin də mülkiyyətinin satın alınması işləri başa çatdırılacaq.
Hadi Haqşenas qeyd edib ki, bununla yanaşı Astara-Rəşt dəmiryolunun tikintisi üzrə xəttin keçəcəyi istiqamətdə 60 kilometrdə dəmiryolu yatağının möhkəmləndirilməsi əməliyyatı həyata keçirilib.
“Bu dəmiryolu xəttinin ya xarici podratçı şirkət, ya da yerli podratçı şirkət tərəfindən inşasına start veriləcəyi gözlənilir”, - deyə o qeyd edib.
Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var: Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.
17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. 162 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.