Dünyanın aparıcı investisiya şirkətlərindən biri olan "Neuberger" Azərbaycanda yerli investorlarla əməkdaşlığa açıqdır.
Bu barədə Trend-ə şirkətin Yaxın Şərq və Şimali Afrika (MENA) regionu və inkişaf etməkdə olan bazarlar üzrə rəhbəri Xalid Əlbdah bildirib.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlığı şərh edən Xalid Əlbdah qeyd edib ki, şirkətin fondla münasibətləri açıq dialoq, qarşılıqlı etimad və müxtəlif aktiv siniflərinə investisiyalara uzunmüddətli yanaşma əsasında qurulub.
“Biz ARDNF-in investisiya məqsədlərini, investisiya üfüqünü və fondun fəaliyyət göstərdiyi daha geniş konteksti nəzərə alan fərdi yanaşma tətbiq edirik. Azərbaycanın borc alətlərinə investisiya qoyuluşu sahəsində təcrübəmiz bizə yerli investisiya bazarının xüsusiyyətlərini daha yaxşı anlamağa imkan verir və ölkəyə uzunmüddətli marağımızı təsdiqləyir”, – deyə Əlbdah bildirib.
Onun sözlərinə görə, "Neuberger" bundan sonra da ARDNF-in şaxələndirmə strategiyasını dəstəkləmək, fond üçün əlçatan investisiya imkanlarının spektrini genişləndirmək və uzunmüddətli gəlirlilik hədəflərinə nail olunmasına töhfə vermək niyyətindədir.
“Yaxın illərdə əməkdaşlığımızın davam edəcəyinə ümid edirik. Ümumilikdə, Azərbaycanda yerli investorlarla tərəfdaşlıq imkanlarına açığıq”, – deyə Əlbdah əlavə edib.
Qeyd edək ki, ARDNF ilə "Neuberger" arasında əməkdaşlıq 2015-ci ildə başlayıb. Ümumilikdə ARDNF "Neuberger" tərəfindən idarə olunan investisiya alətlərinə 775 milyon dollar yönəldib. Vəsaitlər birbaşa investisiya layihələrinə, özəl borclanmanın maliyyələşdirilməsinə, təkrar bazar əməliyyatlarına və birgə investisiya layihələrinə yatırılıb.
Xatırladaq ki, sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən biri olan "Neuberger"in sədri və baş icraçı direktoru Corc Uokeri qəbul edib.
Görüşdə Azərbaycan ilə "Neuberger" arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
"Neuberger" 1939-cu ildə yaradılmış beynəlxalq investisiya idarəetmə şirkətidir. Şirkət 100 faiz özəl və müstəqildir və onun mülkiyyəti əməkdaşlarına məxsusdur. 2025-ci il dekabrın 31-nə olan məlumata görə, "Neuberger"in idarə etdiyi aktivlərin həcmi 613 milyard dollar təşkil edib. Şirkətin baş ofisi Nyu-Yorkda yerləşir, şəbəkəsi isə dünyanın 26 ölkəsində 40 ofisi əhatə edir.
Şirkətdə 2943 əməkdaş, o cümlədən 788-dən çox investisiya mütəxəssisi çalışır. Bundan əlavə, şirkətin təxminən 800 əməkdaşı onun ortaq sahibləridir.
2026-cı il iyunun 30-na olan məlumata görə, "Neuberger"in özəl kreditləşmə seqmentində idarə etdiyi aktivlərin həcmi 51 milyard dollar təşkil edib. Şirkət özəl borc maliyyələşdirilməsi, maliyyə həllərinin strukturlaşdırılması, xüsusi investisiya vəziyyətləri, mənzil kreditləşməsi, ixtisaslaşmış maliyyələşdirmə, özəl yerləşdirmələr, Avropada özəl kreditləşmə, alternativ kredit strategiyaları, sığorta ilə əlaqəli investisiya strategiyaları, habelə ilkin kütləvi səhm təklifinə (Pre-IPO) hazırlıq mərhələsində olan və ya açıq şirkət statusuna keçid dövründəki şirkətlərə investisiyalar kimi istiqamətlərdə fəaliyyət göstərir.
Şirkətin məlumatına görə, müvafiq investisiya strategiyalarının həyata keçirilməsinə başlanıldıqdan sonra səhm investisiyaları seqmentində idarə olunan aktivlərin 82 faizinin gəlirliliyi müvafiq etalon indekslərin göstəricilərini üstələyib. Sabit gəlirli alətlər seqmentində isə bu göstərici 94 faiz təşkil edib.