Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı münasibətlər baxımından unikal nümunə formalaşıb.
AZƏRTAC xəbər verir ki, bunu keçmiş deputat, politoloq Levan Mamaladze Tbilisidə keçirilən “Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada deyib.
O bildirib ki, bu gün Çindən gələn yüklərin Azərbaycan və Gürcüstan üzərindən Avropaya çatdırılması üçün daha çox logistik xidmətlər təklif olunur: “Beləliklə də, yeni istiqamətlər və alternativ marşrutlar yaranır. Bunlara dəmir yolu sahəsində həyata keçirilən layihələri də əlavə etmək olar. Azərbaycanın ciddi iştirakı ilə Marabda–Kartsaxi dəmir yolu xətti və Qars istiqamətində yeni bağlantı yaradılıb. Bu, dəmir yolu daşımalarının Türkiyənin Aralıq dənizi sahilindəki limanlarına qədər çatdırılmasına imkan verir”.
Politoloqun fikrincə, bu layihələr bir-biri ilə rəqabət aparmır. Ermənistan istiqamətində nəzərdə tutulan bağlantı xətti, o cümlədən Zəngəzur dəhlizi də rəqabət kimi qiymətləndirilməməlidir. Bunlar yeni imkanlar və alternativ marşrut variantlarıdır.
L.Mamaladze vurğulayıb ki, kommersiya və iqtisadi layihələr iki ölkə arasında nisbətən asan həyata keçirilir, çünki zəruri bağlantılar mövcuddur.