Təbii qaza olan qlobal tələbat 2035-ci ildə pik həddə çatacaq

Təbii qaza qlobal tələbatın 2035-ci ildə təxminən 190 eksacoul (EJ) səviyyəsində pik həddə çatacağı, bundan sonra isə azalmağa başlayacağı gözlənilir.

Beynəlxalq ekspert təşkilatı DNV-nin “2026-cı il üçün enerji keçidi proqnozu” hesabatında bildirilir ki, DNV-nin əvvəlki proqnozunda qaza tələbatın 2040-cı ildə 197 EJ səviyyəsində pik həddə çatacağı gözlənilirdi.

“2026-cı ildə baş verən geosiyasi sarsıntılar qaza qlobal tələbatla bağlı proqnozun yenidən nəzərdən keçirilməsinə səbəb olub. Enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar bir çox idxalçı ölkələrdə bərpa olunan enerji mənbələrinə və nüvə energetikasına keçidi sürətləndirir.

Pik həddə daha erkən çatmasına baxmayaraq, təbii qaz proqnoz dövrü ərzində qlobal enerji balansında mühüm rolunu qoruyub saxlayacaq. 2060-cı ilədək qlobal tələbatın yalnız təxminən beşdə bir qədər azalacağı gözlənilir.

Son onillik ərzində qazın payına qlobal ilkin enerji təchizatının təxminən 27 faizi düşüb. 2030-cu illərin ortalarınadək təbii qazın payı bir qədər artaraq təxminən 28 faizə çatacaq, daha sonra əsrin ortalarına qədər təxminən 25 faizə, 2060-cı ilədək isə 20 faizdən bir qədər çox səviyyəyə enəcək.

Bununla yanaşı, qaza uzunmüddətli tələbatın DNV-nin 2025-ci il proqnozunda nəzərdə tutulandan daha yüksək olacağı gözlənilir. Belə ki, 2050-ci ildə tələbat əvvəlki proqnozdakı 164 EJ ilə müqayisədə təxminən 175 EJ, 2060-cı ildə isə 130 EJ əvəzinə təxminən 140 EJ təşkil edəcək”, – deyə DNV bildirir.

 

Hesabatda qeyd olunur ki, bu, təbii qazın əvvəl nəzərdə tutulduğundan daha çox neft və kömürün yerini tutacağı ilə bağlıdır: “Eyni zamanda, hidrogen energetikasının inkişaf tempinin daha aşağı olması təbii qazdan hidrogenə keçidin əvvəlki ildə gözlənildiyindən daha məhdud miqyasda baş verəcəyini göstərir.

Hidrogenlə bağlı proqnoz da aşağı istiqamətdə yenidən nəzərdən keçirilib. DNV bunun səbəbləri sırasında hidrogen istehsalının yüksək xərclərinin, dövlət dəstəyinin məhdud olmasının, habelə hidrogen istehsalı və ticarətində səmərəsizliyin davam etməsini göstərir”.

DNV-nin proqnozuna görə, 2026–2035-ci illər ərzində əksər sektorlarda təbii qaza tələbat artacaq: “2035-ci ildən sonra isə emal sənayesi və hidrogen istehsalı istisna olmaqla, demək olar ki, bütün sektorlarda tələbat azalmağa başlayacaq. Bu sahələrdə isə artımın davam edəcəyi gözlənilir”.

Qeyd olunur ki, tələbatın azalmasına səbəb olan amillər sırasında elektrik enerjisi və hidrogen də daxil olmaqla digər enerji mənbələrinə keçid, həmçinin enerji səmərəliliyinin artırılması göstərilir.

“Proqnoz dövrü ərzində təbii qaz istehsalında Şimali Amerika, Yaxın Şərq və Afrika (MEA) regionları aparıcı mövqelərdə olacaq.

2026-cı ildə Şimali Amerika təxminən 1 615 milyard kubmetr həcmində hasilatla dünyanın ən böyük qaz istehsalçısı olaraq qalacaq. Yaxın Şərq və Afrika regionunda hasilat təxminən 1 100 milyard kubmetrədək azalacaq. Yaxın Şərq və Afrika regionu təxminən 2035-ci ildə yenidən dünyanın ən böyük təbii qaz istehsalçısına çevriləcək ki, bu da 2025-ci il hesabatında nəzərdə tutulandan beş il gecdir”,- deyə təşkilat bildirir.