Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiya ilə siyasi dialoqun davam etdirilməsinin, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ceyhun Bayramov oktyabrın 19-da Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuyanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, səfirin fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib.
Görüşdə Ceyhun Bayramovun bu il Yaponiyaya səfəri və səfər çərçivəsində aparılan müzakirələr də xatırlanıb. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirib, qarşılıqlı dəstəyin və çoxtərəfli platformalarda dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın beynəlxalq tədbirlərə, o cümlədən COP29-a, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) və Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) uğurla ev sahibliyi etməsinin ölkənin beynəlxalq əməkdaşlığın təşviqinə, dayanıqlı inkişaf gündəliyinə və qlobal çağırışların həllinə verdiyi töhfəni nümayiş etdirdiyi bildirilib.
Söhbət zamanı insanlar arasında təmasların genişləndirilməsi, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafı məsələlərinə də xüsusi diqqət yetirilib. Bu kontekstdə Azərbaycanın Yaponiya vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etməsinin ikitərəfli əlaqələrin və turizm mübadiləsinin təşviqinə xidmət etdiyi qeyd olunub.
Tərəflər cüdo və sumo kimi idman növləri vasitəsilə xalqlar arasında qarşılıqlı marağın və mədəni əlaqələrin daha da gücləndirilməsi imkanlarını da müzakirə ediblər. Bu sahələrdə Azərbaycanda keçirilən nüfuzlu yarışların əhəmiyyəti vurğulanıb.
Görüşün sonunda Ceyhun Bayramov səfir Vatanabe Katsuyaya Azərbaycandakı diplomatik fəaliyyəti dövründə göstərdiyi səylərə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.