Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, görüş Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutur.
Tədbirin əsas məqsədi dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsini təşviq etmək, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, eləcə də müasir texnoloji çağırışlar və süni intellektin tətbiqi ilə bağlı aktual məsələləri müzakirə etməkdir.
Zirvə toplantısı çərçivəsində süni intellektin dövlət idarəçiliyində və rəqəmsal infrastrukturlarda tətbiqi, yaratdığı imkanlar, yeni kibertəhlükələr, etibarlı, təhlükəsiz rəqəmsal dövlət prinsiplərinin tətbiqi, məlumatların idarə olunması, həmçininin formasiya təhlükəsizliyi, kibertəhlükəsizlik risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması məsələləri müzakirə ediləcək.
Eyni zamanda, Avropa və Azərbaycan təcrübəsinin bölüşülməsi, dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi və institusional imkanların gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılacaqdır.