Maliyyə sektorunda qeyri-maliyyə risklərinin əhəmiyyəti artır - Toğrul Əliyev

Maliyyə sektorunda risklərin idarə edilməsi artıq yalnız maliyyə riskləri ilə məhdudlaşmır, informasiya təhlükəsizliyi, kibertəhlükələr, ekoloji və sosial amillər, eləcə də korporativ idarəetmə ilə bağlı risklər getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini, İdarə Heyətinin üzvü Toğrul Əliyev çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.

Onun sözlərinə görə, təşkilatların fəaliyyətində risklərin idarə edilməsi və qərarların qəbulu yalnız maliyyə nəticələri ilə deyil, həm də risklərə yanaşma, qərarların hansı prinsiplər əsasında verilməsi və maraqlı tərəflərin etimadının qorunması ilə müəyyən olunur.

T.Əliyev qeyd edib ki, korporativ idarəetmə, risklərin idarə edilməsi və komplayensi birləşdirən GRC çərçivəsi təşkilatların uzunmüddətli inkişafını, eyni zamanda Mərkəzi Bankın fəaliyyət istiqamətləri baxımından maliyyə sisteminin dayanıqlığını dəstəkləyən mühüm institusional mexanizmdir.

O bildirib ki, qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər bu yanaşmanın əhəmiyyətini daha da artırır. İqtisadi, geosiyasi, texnoloji və ekoloji amillərin biznes mühitinə təsirinin düzgün qiymətləndirilməsi risklərin vaxtında müəyyənləşdirilməsini, əsaslandırılmış qərarların qəbulunu və dəyişən şəraitə çevik uyğunlaşmanı zəruri edir.

AMB sədrinin müavini vurğulayıb ki, Mərkəzi Bank GRC çərçivəsini 2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişafı strategiyasının əsas prioritetlərindən biri kimi müəyyən edib.

Onun sözlərinə görə, banklar, sığorta və investisiya şirkətləri korporativ idarəetmə, risklərin idarə edilməsi və komplayens standartlarının sistemli tətbiq olunduğu əsas sahələrdəndir. Maliyyə institutları üçün müəyyən edilən tələblər onların dayanıqlığının artırılmasına və bütövlükdə sektora olan etimadın möhkəmləndirilməsinə xidmət edir.

“Güclü korporativ idarəetmə və effektiv risklərin idarə edilməsi maliyyə institutlarının öz dayanıqlığını möhkəmləndirməklə yanaşı, bütövlükdə maliyyə sektoruna etimadın gücləndirilməsinə də əhəmiyyətli töhfə verir. Ayrı-ayrı maliyyə institutlarının dayanıqlığı ilə bütövlükdə maliyyə sektorunun sabitliyi bir-biri ilə sıx bağlıdır”, - deyə o bildirib.

 

T.Əliyev qeyd edib ki, Mərkəzi Bank beynəlxalq standartları əsas götürməklə yanaşı, tənzimləyici tələbləri yerli bazarın inkişaf səviyyəsinə, ehtiyaclarına və xüsusiyyətlərinə uyğunlaşdıraraq tətbiq edir.

O, həmçinin Mərkəzi Bankın Azərbaycan Risk Qiymətləndirməsi (ARAS) sistemi əsasında risk əsaslı nəzarət yanaşmasına keçdiyini diqqətə çatdırıb. Bildirib ki, GRC prinsipləri bu yanaşmanın əsas komponentlərindən biridir.

“Bu çərçivədə məqsədimiz risklərin səviyyəsinə uyğun olaraq risklərin idarə edilməsi sistemlərinin, komplayens mexanizmlərinin və daxili nəzarətin çevik inkişafını təmin etməkdir”, - deyə AMB rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, müasir dövrdə komplayens anlayışının əhatə dairəsi hüquqi və tənzimləyici tələblərə riayət olunması, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə məhdudlaşmır.

T.Əliyev bildirib ki, komplayens təşkilatlarda risk mədəniyyətinin formalaşdırılmasına, məsuliyyətli idarəetmə prinsiplərinin tətbiqinə və düzgün qərarların qəbuluna istiqamət verən mühüm mexanizmdir. Komplayensin qərarların qəbulu prosesinə inteqrasiyası idarəetmənin keyfiyyətini yüksəltməklə yanaşı, institusional etimadın qorunmasına da şərait yaradır.

AMB sədrinin müavini əlavə edib ki, süni intellekt, tokenləşmə və yeni rəqəmsal xidmətlərin inkişafı etibarlı idarəetmə mexanizmlərinin mövcudluğunu daha da vacib edir. Bu texnologiyalar yalnız müvafiq risklər düzgün idarə olunduqda davamlı dəyər yarada bilər.

O vurğulayıb ki, Mərkəzi Bank indiyədək kredit və likvidlik riskləri də daxil olmaqla, müxtəlif maliyyə risklərinin idarə olunması ilə bağlı tələblər müəyyən edib:

"Bununla yanaşı, müasir risk idarəetməsi çərçivəsində maliyyə riskləri ilə yanaşı, qeyri-maliyyə risklərinin də əhatəli şəkildə qiymətləndirilməsi və idarə olunması getdikcə daha çox əhəmiyyət qazanır".