Azərbaycanda dayanıqlı aviasiya yanacağı, "yaşıl metanol" və "yaşıl gübrə" istehsalı üzrə üç mümkün pilot layihənin həyata keçirilməsi imkanları araşdırılır.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəsmi mətbuatda dərc olunan məqaləsində məlumat verilib.
Nazirin sözlərinə görə, ölkənin "yaşıl enerji strategiyası" çərçivəsində “Hidrogen üzrə Milli Strateji Baxış Sənədi”nin Tətbiqi Planı da hazırlanır.
Bundan əlavə, geotermal enerjidən istifadə imkanları qiymətləndirilir. Azərbaycanın 2027-2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında bu sahədə pilot layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması nəzərdə tutulur.
P.Şahbazov həmçinin Enerji Effektivliyi Fondunun maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirildiyini qeyd edib. Güzəştli kreditlərin verilməsi məqsədilə 14 kredit təşkilatı ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
"Artıq aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılması məqsədilə 210 min manat güzəştli kredit vəsaiti ayrılıb. Bununla yanaşı, enerji səmərəliliyinə yatırılan investisiyaların əldə edilən qənaət hesabına geri qaytarılmasını nəzərdə tutan ESCO modelinin tətbiqi imkanları araşdırılır. Bu mexanizmlər enerji qənaətini həm müəssisələr, həm də istehlakçılar üçün iqtisadi baxımdan daha əlçatan edə bilər. Enerji səmərəliliyinə nail olunmasında insanların enerji istehlakına münasibətinin dəyişməsi, qənaət mədəniyyətinin formalaşması da mühüm rol oynayır.
Məhz buna görə son bir ildə maarifləndirmə və məlumatlandırma tədbirləri genişləndirilib. Bərpaolunan enerji yeni, daha təmiz enerji mənbələri yaradırsa, enerji səmərəliliyi həmin enerjidən daha çox dəyər əldə etməyə imkan verir. Azərbaycanın "yaşıl enerji strategiyası"nda hidrogen və geotermal enerji kimi perspektivli istiqamətlərə də diqqət yetirilir. “Hidrogen üzrə Milli Strateji Baxış Sənədi”nin Tətbiqi Planı hazırlanır, dayanıqlı aviasiya yanacağı (SAF), yaşıl metanol və yaşıl gübrə istehsalı üzrə üç mümkün pilot layihə araşdırılır. Eyni zamanda, geotermal enerjidən istifadə imkanları qiymətləndirilir və 2027-2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında bu sahədə pilot layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması nəzərdə tutulur", -deyə Pərviz Şahbazov bildirib.
Bildirilib ki, həmçinin istilik enerjisindən istifadə, çoxmənzilli yaşayış binalarında mərkəzləşdirilmiş istilik təchizatının təşkili, fərdi istilik sistemlərinin tətbiqi, şəbəkələrin mühafizəsi və avadanlıqların təhlükəsiz istismarı ilə bağlı qaydalar təsdiqlənib.