Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO) Azərbaycan rəqəmsal iqtisadiyyatına investisiyaların cəlb edilməsinə dəstək verə bilər.
Bunu DCO-nun Şura məsələləri və strateji əlaqələr üzrə rəhbəri Ömər Əl-Nemer (Omar AlNemer) Trend-ə özəl müsahibəsində deyib.
DCO ilə daha sıx əməkdaşlığın Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından potensialına toxunan Ö. Əl-Nemer bildirib ki, təşkilat milli rəqəmsal prioritetləri beynəlxalq investorlar, bazarlar və siyasət çərçivələri ilə əlaqələndirməklə ölkənin investisiya cəlbediciliyinin artırılmasına töhfə verə bilər.
“Azərbaycan süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal infrastruktur və innovasiya sahələrində iddialı hədəflər müəyyənləşdirib. DCO-nun “Digital Economy Navigator” (Rəqəmsal İqtisadiyyat Bələdçisi) aləti investisiya imkanlarını və mövcud boşluqları müəyyənləşdirməyə kömək edə bilər. Rəqəmsal iqtisadiyyat siyasəti sahəsində fəaliyyətimiz isə tənzimləmə mühitinin daha proqnozlaşdırıla bilən olmasına töhfə verə bilər”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, STRIDE və “DCO InvestConnect” kimi təşəbbüslər Azərbaycan texnologiya şirkətlərinin beynəlxalq investorlar və strateji tərəfdaşlarla əlaqələndirilməsi üçün imkanlar yarada bilər.
“Azərbaycanın yalnız rəqəmsal texnologiyalar bazarı kimi deyil, həm də innovativ həllərin hazırlandığı, maliyyələşdirildiyi və ixrac olunduğu regional mərkəzə çevrilmək hədəflərini dəstəkləmək istəyirik”, - deyə DCO nümayəndəsi əlavə edib.
Qeyd edək ki, bu ilin sentyabrın 1-də Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul edilib. Oktyabrın 5-də isə Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzvlüyü çərçivəsində Təşkilatın Nizamnaməsi imzalanıb.
2020-ci ilin noyabr ayında təsis edilən DCO rəqəmsal iqtisadiyyatın inklüziv artımını sürətləndirməklə hamı üçün rəqəmsal rifahın təmin olunmasını hədəfləyən qlobal çoxtərəfli təşkilatdır.