Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır.

Trend-in çərşənbə günü verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının maliyyələşdirdiyi və "VM Europe" konsorsiumu tərəfindən hazırlanmış “EU Business Climate Report Azerbaijan 2025/26” hesabatının səkkizinci nəşrində bildirilir.

Hesabat Azərbaycan iqtisadiyyatının və biznes mühitinin yerli bazarda fəaliyyət göstərən Avropa şirkətləri baxımından yenilənmiş qiymətləndirilməsini təqdim edir. Hesabat yerli bazarda fəaliyyət göstərən Avropa şirkətləri arasında keçirilmiş sorğuların və dərinləşdirilmiş müsahibələrin nəticələrinə əsaslanır və investisiya mühitinə təsir göstərən əsas amilləri, sahələr üzrə imkanları, biznes üçün mövcud məhdudiyyətləri, əmək bazarının dinamikasını, dayanıqlı inkişafı, rəqəmsallaşmanı, habelə Azərbaycanın iqtisadi inkişaf trayektoriyasını müəyyən edən daha geniş islahatlar gündəliyini nəzərdən keçirir.

Sorğunun nəticələri Avropa şirkətlərinin potensial investisiya istiqamətləri kimi Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana əhəmiyyətli maraq göstərdiyini ortaya qoyur. 2024 və 2025-ci illərdə keçirilmiş sorğuların nəticələrinin müqayisəsi Avropa şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda fəaliyyətə praktiki cəlb olunmasının əhəmiyyətli dərəcədə artdığını, eyni zamanda gələcək investisiyalara marağın qorunduğunu göstərir.

“Artıq bu regionlarda fəaliyyətə başladıqlarını bildirən şirkətlərin payı əhəmiyyətli dərəcədə artaraq 2024-cü ildəki 8 faizdən 2025-ci ildə 19,4 faizə yüksəlib. Bununla yanaşı, bazara daxil olmağa hazırlaşan və ya uyğun investisiya imkanı gözləyən şirkətlərin payı ümumilikdə sabit qalıb. Bu, əvvəlki sorğuda qeydə alınmış investisiya marağının bir hissəsinin real biznes fəaliyyətinə çevrilmiş ola biləcəyini göstərir”,-deyə hesabatda vurğulanır.

 

Bununla yanaşı, qeyd olunur ki, müqayisənin nəticələri müəyyən ehtiyatla şərh edilməlidir. Belə ki, 2025-ci il sorğusunda müvafiq sual Naxçıvanı da əhatə edir, halbuki 2024-cü ildə söhbət yalnız Qarabağ və Şərqi Zəngəzurdan gedirdi. Tədqiqatın nəticələri Avropa şirkətlərinin Naxçıvanda fəaliyyət göstərməyə xüsusilə yüksək maraq göstərdiyini nümayiş etdirir.

Hesabatda deyilir: “Bərpa işləri Avropa şirkətlərinin əksəriyyətinə birbaşa təsir göstərməsə də, bütövlükdə iqtisadiyyata müsbət dolayı təsir göstərib və logistika xidmətlərinə tələbin artmasına şərait yaradıb. Tikinti işlərinin əsas hissəsini Türkiyə şirkətləri həyata keçirir, Avropa şirkətləri isə əsasən Avropadan yüklərin daşınmasında iştirak edirlər. Bərpa layihələrində bilavasitə yalnız az sayda Aİ şirkəti iştirak edir. Belə layihələrə cəlb olunan şirkətlər çox vaxt Türkiyəli tərəfdaşlar tərəfindən subpodratçı qismində cəlb edilir və, bir qayda olaraq, subpodrat zəncirinin ikinci və ya üçüncü səviyyəsində fəaliyyət göstərirlər. Bununla yanaşı, Avropa şirkətləri məhsulların təchizatı və xidmətlərin göstərilməsi vasitəsilə bərpa prosesində iştirak etməyə maraq göstərirlər”.

Aİ-nin hesabatında qeyd olunur ki, maliyyə şirkətləri üçün regiona tanışlıq məqsədli biznes səfərlərinin təşkili faydalı ola bilər. Bu səfərlər onlara yerli imkanları daha yaxşı qiymətləndirməyə şərait yarada bilər.

Materialda qeyd edilir: “Bundan əlavə, aktivlərin formalaşdırılması və biznesin sonrakı effektiv kreditləşdirilməsi üçün zəmin yaradılması məqsədilə müəssisələrin praktiki inkişafı ilə birbaşa əlaqəli peşəkar təlim və sahibkarlıq bacarıqlarının inkişafı proqramlarına ehtiyac var”.