Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Amerika Birləşmiş Ştatlarının (ABŞ) Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının siyasət üzrə direktoru Kerolin Vik ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə regional bağlantının əhəmiyyəti və Gürcüstanın Orta Dəhlizlə bağlı strateji investisiya layihələri və bu layhələrin təhlükəsizliyi məsələləri müzakirə olunub.
Müzakirələr zamanı Anakliya dərinsulu limanı, dəmir yolunun modernləşdirilməsi, yeni Tbilisi Beynəlxalq Hava Limanının tikintisi, Şərq-Qərb magistral yolu və Qara dəniz enerji kabeli layihələrinə xüsusi diqqət yetirilib.
Tərəflər Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Gürcüstanda həyata keçirilən və gələcəkdə nəzərdə tutulan layihələrə dəstəyini, eləcə də əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.