Azərbaycanda qanunvericilik tələblərini, ixracatçıların üzləşdiyi problemlər barədə məlumatları, bazar araşdırmalarını və süni intellekt əsaslı məsləhət xidmətlərini birləşdirən Milli Ticarət Portalının yaradılması zəruridir.
Bu barədə Aİ-nin dəstəyi ilə hazırlanmış “Ticarət sektorunun tədqiqi – Azərbaycanın ticarət sektorunun inkişafı: siyasət, məhdudiyyətlər və imkanlar” adlı hesabatda qeyd olunub.
Hesabat müəlliflərinin bildirdiyinə görə, ixracatçılar ixrac tələbləri barədə zəruri məlumatları dövlət qurumlarının internet resursları, normativ hüquqi aktların məlumat bazaları və xarici mənbələr də daxil olmaqla müxtəlif mənbələrdən əldə edirlər. Bu isə əlavə vaxt və resurs sərfiyyatına səbəb olur.
“Həmin məlumatların müxtəlif mənbələrdə pərakəndə şəkildə təqdim edilməsi, tələblərin dəyişməsi və məlumatların fərqli mənbələrdə yerləşdirilməsi kiçik və orta müəssisələrin xarici bazarlara çıxışını xüsusilə çətinləşdirir. Bu problemin həlli üçün ixracatçılara dair qanunvericilik tələblərini, ticarət prosedurlarını, sertifikatlaşdırma qaydalarını, xarici bazarlarda idxal şərtlərini, bazar araşdırmalarını, ixracatçıların üzləşdiyi problemləri, ixrac potensialının artırılmasına yönəlmiş analitik modulları və süni intellekt əsaslı məsləhət xidmətlərini vahid informasiya məkanında birləşdirəcək Milli Ticarət Portalının yaradılması məqsədəuyğundur”, – deyə hesabatda bildirilib.
Bundan əlavə, sənəddə qeyd olunur ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Ticarət Prosedurlarının Sadələşdirilməsi Göstəriciləri üzrə bir sıra istiqamətlərdə, xüsusilə sərhəd qurumları arasında koordinasiya, prosedurların sadələşdirilməsi və beynəlxalq əməkdaşlıq sahələrində daha da təkmilləşmə potensialına malikdir.
“Ticarət prosedurlarının sadələşdirilməsinin səmərəliliyini artırmaq üçün ayrıca fəaliyyət planı hazırlamaq və müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görmək mümkündür. Bununla əlaqədar dövlət qurumları üçün konkret əsas fəaliyyət göstəriciləri müəyyən edilə, həmçinin Azərbaycanın nəticələrini OECD ölkələrinin və regionun göstəriciləri ilə müqayisə edən illik hesabatlar hazırlana bilər. Bu, mövcud çatışmazlıqların müəyyənləşdirilməsinə və diqqətə çatdırılmasına imkan verər”, – deyə hesabatda qeyd olunub.