ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş siyasət rəsmisi xanım Karolin Vikin Bakıda AZƏRTAC-ın və AzTV-nin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
-Əvvəlcə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) barədə və səfərinizin məqsədi barədə danışmağınızı istərdik.
-DFC-nin məqsədlərindən biri strateji sektorları gücləndirməkdir. Enerji əsas diqqət yetirdiyimiz sahələrdən biridir. Təbii qazla bağlı çoxsaylı sazişlərimiz, hasilatın ilkin mərhələsi ilə bağlı, infrastruktur, idxal terminalları, boru kəmərləri, elektrik enerjisinin ötürülməsi xətləri və elektrik şəbəkəsinin modernləşdirilməsi ilə əlaqəli, həmçinin bəzi neft layihələrimiz var.
Geotermal enerji və hidroenergetika sahələrində də müəyyən layihələr həyata keçiririk. Süni intellekt (AI) və superintellekt (Super Intelligence - SI) də əsas diqqət yetirdiyimiz istiqamətlərdəndir. DFC olaraq biz dünyanın müxtəlif yerlərində, bütün hallarda Amerika texnologiyalarından istifadə etməklə, çoxsaylı superintellekt məlumat mərkəzlərinin maliyyələşdirilməsini həyata keçiririk. Digər istiqamət maliyyə xidmətləridir.
Daha bir məqsədimiz yüksək prioritetli məkanlarda kritik infrastruktur yaratmaqdır. Bu istiqamətdə çoxsaylı limanlar, hava limanları, dəmir yolları və avtomobil yollarının çəkiləcəyi strateji dəhlizlər üzrə layihələrimiz var. Rəqəmsal infrastruktur kateqoriyasına daxil olan bütün sahələrə də diqqət yetiririk: telekommunikasiya, etibarlı təchizatçılar, məlumat mərkəzləri, sualtı kabellər və yerüstü fiber-optik xətlər.
Bu region bizim üçün əsas prioritetlərdən biridir. Biz burada investisiya yatırmaqla etibarlı tərəfdaş olmağa böyük maraq göstəririk.
Hesab edirik ki, burada və bütövlükdə regionda böyük potensial var. Həm Azərbaycanın öz məqsədlərinə çatmasına kömək etmək, həm də ticarəti və qlobal kommersiyanı inkişaf etdirmək üçün ABŞ-də Trans-Xəzər dəhlizi adlandırdığımız marşrutu birləşdirmək baxımından böyük marağımız var.
-Orta Dəhliz layihəsi DFC-nin regional strategiyasında getdikcə daha mühüm rol oynayır və ABŞ hökuməti Avropa ilə Mərkəzi Asiyanın birləşdirilməsində Azərbaycanı əvəzolunmaz tərəfdaş hesab edir. DFC Xəzər regionunda limanların imkanlarının genişləndirilməsi, logistika mərkəzlərinin və dəmir yollarının modernləşdirilməsi üçün hansı maliyyə alətlərindən istifadə etməyi planlaşdırır? Borc maliyyələşdirilməsindən (kreditlər və zəmanətlər), yoxsa birbaşa investisiyalardan?
-Bəli, biz borc maliyyələşdirilməsi, kapital qoyuluşları, siyasi risklərin sığortalanması, kredit zəmanətləri və layihələrin hazırlanması fondları vasitəsilə maliyyələşdirmə həyata keçiririk.
Vacib hesab etdiyimiz layihələri irəli aparmaq üçün bu alətlərdən hər hansı birindən istifadə edə bilərik. Mən DFC-nin fəaliyyətinə layihələrə individual şəkildə əsaslanan yanaşma kimi baxıram. Əsas məsələ bizim və tərəfdaşlarımızın hansı layihələri həyata keçirmək istəməsi və bu layihələrin reallaşdırılması üçün hansı maliyyə alətlərinin daha uyğun olmasıdır.
Layihə borc maliyyələşdirilməsi tələb edirsə, bu alətdən istifadə edəcəyik. Kapital qoyuluşu tələb edirsə, bu variantı nəzərdən keçirəcəyik. Hər ikisi lazımdırsa, hər iki alətdən istifadə edəcəyik.
Bəzən borc maliyyələşdirilməsini, kapital qoyuluşunu və siyasi risklərin sığortalanmasını birlikdə tətbiq edirik. Əsas məsələ özəl kapitalın cəlb edilməsinə və sövdələşmənin uğurla başa çatdırılmasına hansı vasitələrin kömək etməsidir.
-Özəl sektor haqqında danışdınız. DFC Azərbaycanda hansı sektorlara investisiya yatırmaqda maraqlıdır?
-Bəli, bir çox sektora maraq göstəririk. Xəzər dənizi boyunca limanlar, gəmiqayırma zavodları və gəmiçilik imkanları, telekommunikasiya, sualtı kabellər, enerji, eləcə də superintellekt sahələrini müzakirə etmişik.
-DFC-nin səlahiyyətlərinin yenidən təsdiqlənməsi prosesindən sonra hazırda qeyri-neft sektoru üzrə xüsusilə maraq göstərdiyiniz hansı infrastruktur layihələrini planlaşdırdığınızı bölüşə bilərsinizmi?
-Əlbəttə. Bizi çox maraqlandıran liman layihələrini və bəzi dəmir yolu layihələrini müzakirə etmişik. Təbii ki, TRIPP dəhlizi ilə bağlı işlərdə fəal iştirak edirik. Bununla yanaşı, bütün dəhlizin imkanlarını genişləndirəcək digər dəmir yolu layihələrinin bəzi hissələrini də müzakirə etmişik.
Telekommunikasiya, yəni rəqəmsal infrastruktur sahəsində də layihələrimiz var. Buraya həm telekommunikasiya, həm Xəzər dənizi boyunca və digər ərazilərdə fiber-optik xətlərin çəkilməsi, həm də superintellekt məlumat mərkəzlərinin yaradılması və bu sahədə imkanların genişləndirilməsi daxildir.
-DFC regionda investisiya imkanları baxımından TRIPP-in inkişafına necə yanaşır?
-TRIPP-də konstruktiv rol oynamaq imkanına malik olmaq bizi çox sevindirir. Aydındır ki, bu dəmir yolu xətti və onunla əlaqəli olması gözlənilən multimodal nəqliyyat komponentləri layihənin mühüm hissəsidir. Lakin biz bunu bütöv dəhlizin yalnız bir hissəsi kimi görürük.
Buna görə də Mərkəzi Asiya tərəfdən başlayaraq Xəzər dənizi üzərindən Azərbaycana və daha sonra Avropaya qədər uzanan marşrutun bütün hissələrinə böyük maraq göstəririk. Bu səhər (oktyabrın 20-də - red.) bütöv dəhlizin formalaşdırılması və regionda iqtisadi artımın təşviq edilməsi baxımından vacib hesab etdiyimiz müxtəlif hissələri müzakirə etməyə xeyli vaxt ayırdıq.