Türkiyədə yeni külək və Günəş elektrik stansiyaları üçün 2 milyard dollara qədər vəsait ayrılacaq

Türkiyənin 13 vilayətində ümumi nominal gücü 2285 MVt olan yeni külək və Günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır.

AZƏRTAC Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, layihələr üçün 2 milyard dollara qədər vəsait ayrılması planlaşdırılır.

Sivas, Balıkesir, Manisa və Kütahya vilayətlərinin yeddi rayonunda külək elektrik stansiyaları üçün tenderlər noyabrın 2-də keçiriləcək. Ertəsi gün Dənizli, Ankara, Konya, Kahramanmaraş, Malatya, Diyarbəkir, Mardin, Batman və Elazığ vilayələtlərində 11 Günəş elektrik stansiyasının inşası üçün şirkətlər seçiləcək. Energetika Nazirliyi yeni elektrik stansiyalarının yerli iqtisadiyyatı canlandıracağına, energetika təhlükəsizliyini gücləndirəcəyinə və ölkənin enerji idxalından asılılığını azaldacağına əminliyini bildirib.

Türkiyə Günəş Enerjisi İstehsalçıları və Müəssisələri Assosiasiyasının rəhbəri Hakan Erkan yeni Günəş elektrik stansiyalarının bir hissəsinin 2028-ci ildə, qalanlarının isə 2029-cu ilin sonuna qədər istifadəyə veriləcəyini açıqlayıb.

Öz növbəsində, Türkiyə Külək Enerjisi Assosiasiyasının prezidenti İbrahim Erden külək elektrik stansiyalarının təxminən üç il ərzində fəaliyyətə başlaya biləcəyini qeyd edib. Onun sözlərinə görə, 2026-cı ilin avqust ayı etibarilə Türkiyədəki bütün elektrik enerjisinin təxminən 13 faizi külək enerjisi ilə istehsal olunur. Bundan əlavə, külək elektrik stansiyalarında bütün turbinlərin təxminən 65 faizi Türkiyədə istehsal olunub.