Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsi üzrə 2025-ci il aprelin 4-də Bakı şəhərində keçirilən 2-ci nazirlər iclası zamanı tərəflər arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarətinə dair Anlaşma Memorandumu imzalanıb, layihə üzrə görüləcək işlərə dair qrafik (work schedule) təsdiqlənib. Layihənin Texniki Tapşırıqlar sənədi (ToR) yekunlaşıb.
Bu sözləri AZƏRTAC-ın sorğusuna cavab olaraq Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev deyib.
O bildirib ki, növbəti mərhələdə dörd ölkənin ötürücü sistem operatorları (TSO) tərəfindən Birgə Müəssisənin yaradılması və layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanması məqsədilə beynəlxalq maliyyə institutları, əsasən Dünya Bankı ilə əməkdaşlıq planlaşdırılır.
“Bu il iyulun 13-də İstanbulda keçirilmiş nazir müavinləri iclasında Birgə Müəssisənin yaradılması üçün Səhmdarlar Müqaviləsi razılaşdırılıb. Eyni iclasda “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” layihəsinin mətni ilkin olaraq razılaşdırılıb. Sənəd layihəsi hazırda yekun dövlətdaxili prosedurlardan keçirilir və COP31 çərçivəsində imzalanması nəzərdə tutulur”,- deyə o qeyd edib.
C.Abdullayevin sözlərinə görə, Birgə Müəssisə yaradıldıqdan və texniki-iqtisadi əsaslandırma hazırlandıqdan sonra dəhlizin istismara verilmə tarixi və icra mərhələləri üzrə dəqiq vaxt qrafiki müəyyən ediləcək.