Azərbaycan, Türkiyə və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin gücləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi regionun iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi mövzusunda keçirilən tədbirdə “TABA-AmCham”ın prezidenti Süleyman Ecevit Şanlı bildirib.
O qeyd edib ki, ölkələr arasında əməkdaşlıq yalnız siyasi münasibətlər və diplomatik əlaqələrlə məhdudlaşmamalı, ticarət, investisiya, təhsil, mədəniyyət və innovasiya sahələrini də əhatə etməlidir. Bu istiqamətlərdə əlaqələrin genişləndirilməsi biznes dairələri arasında tərəfdaşlığın möhkəmlənməsinə və yeni iqtisadi imkanların yaranmasına şərait yaradır. Beynəlxalq ticarətin inkişafı üçün etimad, təhlükəsizlik və dayanıqlı tərəfdaşlıq əsas şərtlərdir. Tarixi İpək Yolu ənənələrindən bəhrələnən müasir nəqliyyat və ticarət marşrutları Avrasiya məkanında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edir. Bu baxımdan, Azərbaycan və Türkiyənin tranzit imkanları, eləcə də ABŞ ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yeni əməkdaşlıq perspektivləri yarada bilər.
Bildirib ki, Türk dünyası ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, investisiya əlaqələrinin genişləndirilməsi və ortaq iqtisadi təşəbbüslərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə özəl sektorun, biznes assosiasiyalarının və sahibkarların fəal iştirakı vacibdir.
“TABA-AmCham”ın prezidentinin sözlərinə görə, iqtisadi əməkdaşlığın davamlı inkişafı üçün yaşıl iqtisadiyyat, innovasiyalar, müasir texnologiyalar və insan kapitalının inkişafı kimi istiqamətlərə diqqət artırılmalıdır. Xüsusilə gənclərin bilik və bacarıqlarının artırılması, onların beynəlxalq biznes mühitinə inteqrasiyası gələcək iqtisadi inkişafın əsas amillərindəndir.
Çıxışda regional sülh və təhlükəsizliyin iqtisadi tərəqqi üçün əhəmiyyəti də vurğulanıb. Qeyd edilib ki, sabitliyin möhkəmləndirilməsi, nəqliyyat və ticarət marşrutlarının təhlükəsizliyinin təmin olunması, eləcə də ölkələr arasında qarşılıqlı etimadın gücləndirilməsi investisiya mühitinə müsbət təsir göstərir.