Türkiyə və Azərbaycandan 1100 gəncə İslam maliyyəsi üzrə sertifikatlı təlimlər keçiriləcək

Mərmərə Universiteti və İbn Haldun Universiteti ilə birlikdə həyata keçirilən Gənc İnkişaf Proqramı çərçivəsində Türkiyədən 1000, Azərbaycandan isə 100 gəncə İslam maliyyəsi sahəsində sertifikatlı təlimlərin verilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin İnvestisiya və Maliyyə Ofisinin əməkdaşı Ömər Faruk Özoğul 3-cü İslam Maliyyə Forumunda deyib.

O bildirib ki, azərbaycanlı gənclərin proqrama qoşulması məqsədilə cari ilin iyun ayında anlaşma memorandumu imzalanıb.

Ömər Faruk Özoğul qeyd edib ki, bu memorandum proqramın Türkiyədən kənara çıxması istiqamətində atılan ilk addım kimi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında İslam maliyyəsi sahəsində atılacaq hər bir addım iki qardaş ölkənin ortaq gələcəyinə xidmət edəcək və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.