Azərbaycan beynəlxalq biznes dairələri üçün getdikcə daha çox maraq doğurur. Ölkənin tranzit imkanlarının, təhlükəsiz logistika infrastrukturunun və beynəlxalq bazarlara çıxış potensialının tanıdılması iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu “TABA-AmCham”ın Gömrük və Logistika Komitəsinin sədri Murad Doğan Azərbaycan, Türkiyə və ABŞ arasında iqtisadi əməkdaşlığa həsr olunan tədbirdə deyib.
O, Azərbaycan və Türkiyənin tranzit-logistika imkanları, Orta Dəhlizin inkişaf perspektivləri və beynəlxalq ticarətdə iki ölkənin əməkdaşlığının əhəmiyyəti barədə fikirlərini bölüşüb. Qeyd edib ki, iş adamlarının Azərbaycanda gördükləri imkanları Türkiyədə, Avropada və ABŞ-də biznes dairələrinə çatdırması ölkənin beynəlxalq iqtisadi əlaqələrinin inkişafına töhfə verə bilər. Bu baxımdan, sahibkarlar arasında təcrübə mübadiləsi və qarşılıqlı məlumatlandırma xüsusi əhəmiyyət daşıyır.
Komitə sədri vurğulayıb ki, Orta Dəhliz yalnız yüklərin bir ölkədən digərinə daşınması üçün nəzərdə tutulan marşrut kimi qiymətləndirilməməlidir. Azərbaycanın bu istiqamətdə logistika mərkəzinə çevrilməsi, anbar infrastrukturu və əlavə dəyər yaradan xidmətlərin inkişafı da mühüm perspektivlər sırasındadır.
Onun sözlərinə görə, yüklərin Azərbaycanda saxlanılması, çeşidlənməsi və sonrakı mərhələdə Avropa bazarlarına çatdırılması ölkə iqtisadiyyatına əlavə gəlir gətirə, logistika sektorunda yeni biznes imkanları yarada bilər.
Murad Doğan diqqətə çatdırıb ki, beynəlxalq daşımalar zamanı marşrutun seçilməsində vaxt, təhlükəsizlik və xərclər əsas meyarlar sırasındadır. Buna görə də Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və logistika əməliyyatlarının səmərəliliyinin artırılması xüsusi əhəmiyyət daşıyır.
O əlavə edib ki, Orta Dəhlizin imkanlarından səmərəli istifadə Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına, regional ticarət əlaqələrinin genişlənməsinə və hər iki ölkənin beynəlxalq logistika zəncirində mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər.