Müasir dövrdə strateji əhəmiyyətli faydalı qazıntılara, xüsusilə mis və digər sənaye metallarına tələbat getdikcə artır.
AZƏRTAC xəbər verir ki, bunu “TABA-AmCham”ın İdarə Heyətinin üzvü Zeynəb Hilal Doy panel müzakirəsi zamanı Azərbaycan və Türkiyə arasında mədən sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, strateji xammal ehtiyatlarından səmərəli istifadə və birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivlərindən danışıb.
O bildirib ki, ölkələrin yalnız xammal ehtiyatlarına malik olması deyil, həm də həmin resursların emalı və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan və Türkiyə arasında mədən sənayesi sahəsində əməkdaşlıq geoloji kəşfiyyatdan hasilata, emaldan hazır məhsul istehsalına qədər bütün mərhələləri əhatə edə bilər. Türkiyənin texnoloji və sənaye imkanları ilə Azərbaycanın təbii ehtiyatlarının bir araya gətirilməsi yeni investisiya layihələrinin reallaşdırılmasına şərait yarada bilər. Xammalın ilkin formada ixracı ilə kifayətlənməmək, onun emalına və əlavə dəyər yaradan müəssisələrin yaradılmasına üstünlük vermək lazımdır. Bu yanaşma istehsal zəncirinin inkişafına, yeni iş yerlərinin açılmasına və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verə bilər”, - deyə Zeynəb Hilal Doy vurğulayıb.
İdarə Heyətinin üzvü investisiya mühitinin yaxşılaşdırılmasının da vacibliyini diqqətə çatdırıb: “Mədən sənayesi uzunmüddətli və böyük həcmli investisiyalar tələb etdiyindən, lisenziyalaşdırma və icazə prosedurlarının sadələşdirilməsi, rəqəmsal sistemlərin tətbiqi və investorların hüquqlarının qorunması xüsusi əhəmiyyət kəsb edir. Türkiyədən olan investorların Qarabağ bölgəsinin mədən ehtiyatlarının işlənməsinə cəlb edilməsi üçün xüsusi investisiya forumlarının və təqdimat tədbirlərinin keçirilməsi bölgənin imkanlarının tanıdılmasına, potensial tərəfdaşların bir araya gətirilməsinə və konkret birgə layihələrin formalaşdırılmasına kömək edəcək. Azərbaycan və Türkiyənin mədən sənayesi sahəsində texnologiya, investisiya və istehsal imkanlarını birləşdirməsi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə və regionun iqtisadi potensialından daha səmərəli istifadəyə imkan verə bilər”.