SOCAR və “Eni” üçüncü ölkələrdə birgə layihələrin genişləndirilməsini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Eni” şirkəti üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“İtaliyaya işgüzar səfərimiz çərçivəsində “Eni” şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə keçirdiyimiz görüşdə tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik. SOCAR-ın “Eni” ilə yeni təşəbbüslərdə iştirakı, həmçinin üçüncü ölkələrdə birgə layihələrdə mövcud əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirdik. Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihənin gedişi, enerji keçidi və texnoloji təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq”, – deyə nazir bildirib.

Qeyd edək ki, sentyabrın 26-da SOCAR ilə “Eni S.p.A.” şirkəti arasında Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payının əldə olunması ilə bağlı əməliyyatın tamamlanmasına dair protokol mübadiləsi həyata keçirilib.

SOCAR-ın məlumatına görə, əməliyyatın tamamlanması nəticəsində “Baleine” layihəsində iştirak payları “Eni” üzrə 37,25 faiz, “Vitol” üzrə 30 faiz, Kot-d’İvuarın milli neft şirkəti “Petroci” üzrə 22,75 faiz və SOCAR üzrə 10 faiz təşkil edir.

 

“Eni” şirkəti isə bildirib ki, “Baleine” layihəsindəki iştirak payının satılması onun hasilat və kəşfiyyat (upstream) portfelinin optimallaşdırılması strategiyasına uyğundur. Şirkət layihələrdəki iştirak paylarının satışı vasitəsilə kəşfiyyat nəticələrinin monetizasiyasını sürətləndirməyə çalışır.

Əlavə edək ki, “Eni” 2015-ci ildən Kot-d’İvuarda fəaliyyət göstərir. “Baleine” şirkətin ölkədə yatağın işlənməsi üzrə ilk layihəsi olmaqla yanaşı, Afrikada sıfır emissiya səviyyəsinə malik ilk dəniz neft-qaz layihəsi hesab olunur.

Xatırladaq ki, “Baleine” yatağı 2021-ci ildə, Kot-d’İvuarda son kommersiya kəşfindən təxminən 20 il sonra aşkarlanıb, hasilata isə 2023-cü ildə başlanılıb. Layihənin birinci və ikinci mərhələləri çərçivəsində hasilat göstəriciləri ilə bağlı açıqlamalarda gündəlik 57–62 min bareldən çox neft və 75–78 milyon kubfutdan çox qaz hasilatı barədə məlumat verilib. Üçüncü mərhələnin işə salınmasından sonra hasilatın sutkada 150 min barel neftə və 200 milyon kubfut qaza çatacağı gözlənilir.

Bundan əlavə, “Eni” şirkəti “Baleine” ilə yanaşı, operator kimi çıxış etdiyi və 90 faiz iştirak payına malik olduğu “Calao” və “Calao South” yataqlarında da kəşflər həyata keçirib. Şirkətin məlumatına görə, bu yataqlar “Baleine”dən sonra Kot-d’İvuarın ən böyük kəşfləri sırasındadır.

SOCAR daha əvvəl bildirib ki, “Baleine” layihəsində iştirak payının əldə edilməsi şirkətin Afrikanın neft və qaz hasilatı sektoruna daxil olmasını təmin edir və karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində beynəlxalq fəaliyyətinin genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasına uyğundur.