Fransanın müstəqil neft-qaz şirkəti "Perenco" yetkin yataqlarda neftvermə əmsalının artırılması texnologiyalarının tətbiqi və kiçik ehtiyatların mənimsənilməsi hesabına Türkmənistanda karbohidrogen hasilatının artırılmasına dəstək verməyə hazırdır.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu "Perenco Holdings" şirkətinin baş icraçı direktoru Armelle Simonden cümə axşamı Aşqabadda keçirilən 31-ci Türkmənistan Neft və Qaz Beynəlxalq Konfransı və Sərgisində (OGT 2026) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "Perenco" son üç onillik ərzində işlənmə mərhələsində olan yetkin yataqların və kiçik ehtiyatların mənimsənilməsi sahəsində ixtisaslaşmış təcrübə toplayıb. Bu cür yataqların işlənməsi xüsusi texniki həllər və əhəmiyyətli investisiyalar tələb edir.
“Əminəm ki, ixtisaslaşmış təcrübəmiz sayəsində milli hasilatın artırılmasına töhfə verə bilərik”, – deyə Simonden qeyd edib.
O vurğulayıb ki, neft-qaz sektorunda müqavilə mexanizmləri təkcə geoloji kəşfiyyat və yeni yataqların mənimsənilməsi üçün deyil, həm də yetkin yataqların və kiçik ehtiyatların işlənməsi üçün imkanlar yaratmalıdır.
Simondenin sözlərinə görə, yataqların istismarının sonrakı mərhələlərində lay enerjisi azalır, su axını artır, avadanlıqlar isə tədricən aşınır. Bu amillər hasilatın mövcud səviyyədə saxlanılması və sabitləşdirilməsi üçün əhəmiyyətli investisiyaların yatırılmasını zəruri edir.
Simonden Türkmənistan hökumətinin müqavilə mexanizmlərinin inkişafı istiqamətində atdığı son addımları müsbət qiymətləndirib. Onun fikrincə, bu addımlar oxşar layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
Hasilatın artırılması texnologiyalarından danışan "Perenco" rəhbəri bildirib ki, şirkət artıq qazılmış quyuların potensialından maksimum istifadə etməyə çalışır. Bu məqsədlə mayenin süni qaldırılması sistemləri də daxil olmaqla, mexanikləşdirilmiş hasilat üsulları, eləcə də xüsusi təmir-bərpa işləri tətbiq olunur.
“Yetkin yataqlarda işləyərkən, ilk növbədə, mövcud quyu fondundan hasilatın artırılmasına və ya maksimum səviyyəyə çatdırılmasına investisiya yatırırıq”, – deyə o bildirib.
Simonden "Perenco" şirkətinin fəaliyyət miqyası barədə də danışıb. Onun sözlərinə görə, şirkət dünyanın 12 ölkəsində gündəlik təxminən 500 min barel neft ekvivalentində karbohidrogen hasil edir. Hasilatın təxminən 65 faizi neftin, 35 faizi isə qazın payına düşür. Şirkətin illik investisiya həcmi təxminən 2 milyard dollar təşkil edir.
"Perenco" fransız sahibkar Hubert Perrodon tərəfindən təsis edilmiş müstəqil ailəvi neft-qaz qrupudur. Şirkət karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və işlənməsi üzrə ixtisaslaşıb. Xüsusilə, mənimsənilməsi xüsusi texnologiyalar və fərdi texniki həllər tələb edən yetkin yataqlara və kiçik ehtiyatlara diqqət yetirir.
Şirkətin məlumatına görə, 2025-ci ildə Perenco-nun ümumi hasilatı gündəlik təxminən 483 min barel neft ekvivaləti, xalis hasilatı isə gündəlik təxminən 324 min barel təşkil edib. Qrup 14 ölkədə fəaliyyət göstərir və müəssisələrində 9,3 mindən çox əməkdaş çalışır. Şirkət həmçinin neft terminalları və qaz obyektləri də daxil olmaqla, karbohidrogenlərin nəqli və emalı infrastrukturunu inkişaf etdirir.