ARDNF dövlət büdcəsinə transfertlərin azaldılmasını fiskal dayanıqlılıq baxımından vacib sayır (ÖZƏL)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transfertləri, Fondun gəlirləri və investisiya nəticələri aktivlərinin dinamikasına təsir edən əsas amillərdəndir. Transfertlərin mərhələli şəkildə azaldılması və neft qiymətlərindəki mümkün dəyişikliklərin fiskal risklərə təsiri ortamüddətli planlaşdırma baxımından əhəmiyyət daşıyır.

Bunu ARDNF-nin icraçı direktorunun müşaviri Vadim Pşeniçnıy Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Fondun aktivlərinin uzunmüddətli perspektivdə qorunması əsas məqsədlərdən biridir. Bu baxımdan dövlət büdcəsinə transfertlər, Fondun gəlirləri və investisiya nəticələri arasında tarazlığın nəzərə alınması vacibdir.

“Fondun aktivlərinin uzunmüddətli perspektivdə qorunması onun fəaliyyətinin əsas məqsədlərindən biridir. Dövlət büdcəsinə transfertlər, Fondun gəlirləri və investisiya nəticələri aktivlərin dinamikasına təsir edən amillərdəndir. Bu baxımdan, ortamüddətli fiskal çərçivədə nəzərdə tutulan göstəricilər və büdcə qaydasının tətbiqi dövlət maliyyəsinin dayanıqlığının qorunması baxımından əhəmiyyət daşıyır”, – deyə V.Pşeniçnıy vurğulayıb.

Müşavir qeyd edib ki, ARDNF-nin aktivlərinin dəyəri yalnız investisiya gəlirlərindən deyil, həm də maliyyə alətlərinin bazar qiymətlərindəki dəyişikliklərdən, valyuta məzənnələrindən, eləcə də Fondun gəlir və xərclərindən asılıdır.

O bildirib ki, qlobal maliyyə bazarlarında baş verən dəyişikliklər və neft qiymətlərindəki mümkün dalğalanmalar Fondun maliyyə nəticələrinə təsir göstərə bilər. Buna görə də investisiya siyasətində uzunmüddətli gəlirlilik hədəfləri və risklərin idarə olunması prinsipləri əsas götürülür.

 

Qeyd edək ki, ARDNF-nin məlumatına görə, 2026-cı il sentyabrın 30-na Fondun aktivləri 74 milyard ABŞ dolları və ya 125,8 milyard manat təşkil edib. İlin əvvəli ilə müqayisədə aktivlər 462 milyon dollar və ya 786 milyon manat artıb.

Əlavə edək ki, Maliyyə Nazirliyinin açıqladığı “2027-ci il dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib ki, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin növbəti illərdə mərhələli şəkildə azaldılması nəzərdə tutulur.

Sənəddə yer alan “2027-ci il və növbəti üç il üzrə dövlət büdcəsinin parametrləri”nə əsasən, 2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 900 milyon manat transfert proqnozlaşdırılır. Bu göstərici 2026-cı il üçün təsdiq olunmuş 12 milyard 835 milyon manat transfertlə müqayisədə 935 milyon manat azdır.

Proqnoza əsasən, ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcminin sonrakı illərdə də azalması gözlənilir. Belə ki, 2028-ci ildə transfertin 11 milyard 50 milyon manat, 2029-cu ildə 10 milyard 200 milyon manat, 2030-cu ildə isə 9 milyard 350 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.

Beləliklə, 2026-cı il üçün təsdiq edilmiş göstərici ilə müqayisədə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi 2030-cu ilədək 3 milyard 485 milyon manat, yaxud təxminən 27,2 faiz azalacaq.