Azərbaycan Dünya Bankı ilə AZURE layihəsi və Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan AZURE layihəsi və Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Dünya Bankı ilə əməkdaşlığı müzakirə edib.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə enerji təcrübəsi meneceri Stefani Cil ( Stephanie Gil-ing.) ilə AZURE layihəsi və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlığımızı müzakirə etdik. Bərpaolunanenerji istehsalının genişləndirilməsi, elektrikşəbəkəsinin gücləndirilməsi və regional enerji bağlantılarının yaradılması istiqamətində birgə fəaliyyət imkanlarını nəzərdən keçirdik”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, AZURE layihəsinin əsas məqsədi Azərbaycanda tikilməkdə olan ümumi gücü 2 giqavatlıq bərpaolunan enerji obyektlərinin ölkənin enerji sisteminə dayanıqlı və təhlükəsiz inteqrasiyasını təmin etməkdir.

 

Bu məqsədlə Azərbaycanda əsas qovşaq yarımstansiyası funksiyasını yerinə yetirəcək 500/330 kV-luq “Nəvai” enerji qovşağı inşa edilir. Bu qovşaqdan ölkənin müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilir.

Layihənin birinci mərhələsi çərçivəsində “Azərenerji”nin daxili imkanları və qismən dövlət büdcəsi hesabına “Nəvai” yarımstansiyasının 330 kilovoltluq hissəsinin, eləcə də “Nəvai”dən Abşerona çəkilən 500 kilovoltluq elektrik verilişi xəttinin və “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına çəkilən 330 kilovoltluq xətlərin tikintisi başa çatmaq üzrədir. Bu mərhələnin yekunlaşması ilə “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyalarının vahid enerji sisteminə qoşulması təmin ediləcək.

Layihənin ikinci mərhələsində Dünya Bankının maliyyələşdirməsi ilə transformatorlar da daxil olmaqla, “Nəvai” yarımstansiyasının 500 kilovoltluq hissəsi üçün avadanlıqların alınması və quraşdırılması, həmçinin “Nəvai”dən Mingəçevirə 500 kilovoltluq, Ələt, Abşeron və Qobu istiqamətlərinə isə 330 kilovoltluq elektrik verilişi xətlərinin çəkilməsi planlaşdırılır.

Bu mərhələnin üç il ərzində həyata keçirilməsi gözlənilir.