Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi olaraq biz COP31 çərçivəsində iştirak edirik. Mərkəzimiz həmtəşkilatçılığı ilə bir neçə tədbir təşkil edib. Eyni zamanda, əməkdaşlıq etdiyimiz digər qurumların keçirdiyi panellərdə də iştirak etmişik. Tədbirlərdə müxtəlif mövzular, əsasən təmiz enerjinin təşviqi məsələləri müzakirə olunub. Çünki iqlim dəyişikliyi ilə mübarizədə təmiz enerjiyə keçid birbaşa və dolayı yolla mühüm əhəmiyyət daşıyır.

 

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı İƏT-in Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova deyib.

“Sevindirici haldır ki, iki il əvvəl COP29 Azərbaycanda, bu il isə COP31 digər üzv ölkəmiz Türkiyədə keçirilir. Bu, dövlətlərin iqlim məsələlərinə sadiqliyini və həmin istiqamətdə təşəbbüsləri həyata keçirmək əzmini nümayiş etdirir. COP31 çərçivəsində keçirilən Enerji Günündə mərkəzimiz yeni və təmiz, innovativ enerji texnologiyalarının təşviqinə həsr olundu. Bu tədbir Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə birgə keçirilib. Burada BMT-nin Sənaye İnkişafı Təşkilatının, eləcə də Türkiyə Külək Enerjisi Assosiasiyasının nümayəndələri də iştirak etdilər. Ölkələrimizin, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı regionunun enerji sahəsində böyük potensialı var. Bu potensial həm iqlim dəyişikliyinin yaratdığı fəsadların aradan qaldırılması, həm də dövlətlərin həmin dəyişikliklərlə mübarizə istiqamətində göstərdiyi səylər baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə o bildirib.