Avropada enerji sistemlərinin sürətlənən transformasiyası və ölkələrin karbon izini azaltmaq istəyi fonunda Moldova davamlı inkişaf sahəsində ardıcıl və iddialı kurs nümayiş etdirir. Faydalı qazıntı ehtiyatlarına malik olmayan bu ölkə enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı və Avropanın enerji bazarına inteqrasiyaya xüsusi diqqət yetirir.
Moldovanın Energetika Nazirliyi qarşıda duran bu vəzifələrin həyata keçirilməsində mühüm rol oynayır. Nazirlik strateji istiqamətlər hazırlamaqla yanaşı, həm də istilik təchizatından yaşayış fonduna qədər infrastrukturun modernləşdirilməsi üzrə konkret proqramlar həyata keçirir. Bununla yanaşı, Moldova beynəlxalq əməkdaşlığı, o cümlədən mühüm regional oyunçu, təbii qazın potensial tədarükçüsü və "yaşıl" layihələrin inkişafı üzrə tərəfdaş olan Azərbaycanla əlaqələri inkişaf etdirir.
Moldova Respublikasının energetika naziri Dorin Junqiyetu “Report”a eksklüziv müsahibəsində dövlət enerji siyasətinin əsas istiqamətləri, Azərbaycan şirkətlərinin Moldovanın enerji təşəbbüslərində iştirak perspektivləri, həmçinin BOEM, bioqaz və şəhər infrastrukturunun modernləşdirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları barədə danışıb.
Müsahibəni oxuculara təqdim edirik:
- Moldovanın və Azərbaycanın enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığının mövcud vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə, hansı istiqamətlər daha perspektivlidir?
- İkitərəfli əməkdaşlığımızı genişləndirmək üçün əhəmiyyətli potensialımız var və Azərbaycanın böyük həcmdə karbohidrogen ehtiyatlarına malik olmasına baxmayaraq, enerji səmərəliliyi və "yaşıl enerji" ilə bağlı istiqamətləri fəal şəkildə inkişaf etdirməsini alqışlayıram. Bu, qarşılıqlı faydalı dialoq üçün əlverişli zəmin yaradır.
Moldova təbii ehtiyatlarının olmaması səbəbindən enerji səmərəliliyinin artırılmasına, xüsusilə də əsasən sovet standartlarına uyğun tikilmiş və yüksək enerji tutumlu yaşayış fondunda enerji səmərəliliyinə üstünlük verir. Bu, bizim üçün enerji dayanıqlılığını və rəqabət qabiliyyətini təmin edən yeganə yoldur. Eyni zamanda, biz bərpa olunan enerji mənbələrini inkişaf etdirir və Avropanın enerji bazarına daha dərindən inteqrasiya etməyə çalışırıq.
Həyata keçirdiyimiz kursun başa düşülən olması üçün bir əsas sənədi qeyd edim. Bu ilin fevralında təxminən iki il üzərində işlədiyimiz Enerji və İqlim üzrə Milli Planı (NECP) təsdiq etdik. Bu, milli hədəfləri və onlara nail olmaq üçün lazım olan konkret tədbirləri müəyyən edən strategiyadır.

Beləliklə, Moldova 2030-cu ilə qədər son enerji istehlakında bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq, enerji istehlakını 2 762 kiloton neft ekvivalentindən aşağı səviyyədə saxlamaq və Dnestr çayının sağ sahilində istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə 68,5 % (və ya əlavə tədbirlər tətbiq etməklə 88 %) azaltmaq öhdəliyi götürüb.
Plan həmçinin enerji səmərəli texnologiyaların tətbiqi, "ağıllı sayğac”ların quraşdırılması və ekoloji təmiz və enerji səmərəli nəqliyyatın stimullaşdırılması hesabına illik enerji qənaətini 0,8 % səviyyəsində nəzərdə tutur.
Bu strategiya çərçivəsində biz artıq bir neçə proqrama, o cümlədən Yaşayış Sektorunda Enerji Səmərəliliyinin Artırılması Fondunun (FEERM) dəstəyi ilə yaşayış binalarının yenilənməsi, həmçinin məktəb, universitet, xəstəxana və digər müəssisələrin binalarının modernləşdirilməsi proqramlarına start vermişik.
Mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Kişineuda çoxmənzilli evlərin təxminən 80 %-ni əhatə edəcək genişmiqyaslı proqram başladırıq. Köhnəlmiş şaquli istilik təchizatı sistemlərindən daha səmərəli üfüqi sistemlərə keçid və hər binada fərdi istilik məntəqələrinin quraşdırılması planlaşdırılır.
Bu layihələr enerji xərclərinin azaldılmasına və sakinlərin rahatlığının artırılmasına kömək etməklə yanaşı, həm də özəl sektor üçün geniş biznes imkanları açır. Bazarımızın məhdud miqyaslı olmasını nəzərə alaraq biz xüsusilə xarici şirkətlərin, o cümlədən Azərbaycan şirkətlərinin bu proseslərdə iştirakında maraqlıyıq.
- Bazarların fəaliyyət standartları və qaydaları da daxil olmaqla, enerji tənzimlənməsi sahəsində yeni ikitərəfli sazişlərin və ya anlaşma memorandumlarının imzalanması planlaşdırılırmı?
- Moldova Respublikası Avropa İttifaqına üzvlüyə namizəd ölkədir və "acquis communautaire" – Aİ-nin normativ aktlar məcmusunun implementasiyası üzrə aydın yol xəritəmiz var. Bu o deməkdir ki, bizim bütün qanunvericilik və tənzimləyici fəaliyyətimiz, o cümlədən enerji sahəsində beynəlxalq əməkdaşlıq Aİ-nin tələblərinə və standartlarına uyğun olmalıdır. Ölkələrlə, eləcə də Azərbaycanla yeni sazişlər və təşəbbüslər sözügedən hüquqi və institusional kontekstdə qurulacaq.

- Hazırda Azərbaycan təbii qazının Moldovaya uzunmüddətli tədarükü haqqında müqavilələrin bağlanması ilə bağlı danışıqlar aparılırmı?
- Şübhəsiz ki, biz enerji resurslarının tədarük mənbələrinin, o cümlədən təbii qazın şaxələndirilməsində maraqlıyıq. Bu, enerji təhlükəsizliyimizin gücləndirilməsi strategiyasının əsas elementidir. Uzunmüddətli müqavilələr bizə alış qiymətlərini daha dəqiq proqnozlaşdırmağa və istehlakın pik dövrü üçün ehtiyatlar yaratmağa imkan verir.
Azərbaycan tərəfi ilə kommersiya sazişlərinin bağlanması məsələləri ilə bağlı həm hökumətlər, həm də korporativ səviyyədə əlaqələrimiz olub. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıya son səfərim zamanı Azərbaycanın Energetika Nazirliyi və SOCAR şirkətinin nümayəndələri ilə uzunmüddətli əməkdaşlıq perspektivlərini müzakirə etdik. Danışıqlardan hərtərəfli layihənin hazırlanmasına keçid etdikdən sonra konkret nəticələri elan etməkdən məmnun olacağıq.
- Moldovanın Azərbaycan qazı ilə stabil və uzunmüddətli təminatı üçün Cənub Qaz Dəhlizindən (SGC) istifadəni nə dərəcədə real hesab edirsiniz? Artıq konkret tədarük mexanizmləri və ya marşrutları mövcuddurmu?
- Bəli, biz bu istiqaməti tamamilə real və perspektivli hesab edirik. Yunanıstan-Bolqarıstan İnterkonnektorundan kommersiya məqsədləri üçün istifadə edən ilk ölkə olan Moldova həm də Aleksandrupolis LNG terminalından mayeləşdirilmiş təbii qaz alan ilk ölkələrdən biridir. Bu, bizə Ukraynanın yeraltı anbarlarına tranzit də daxil olmaqla, Şaquli Qaz Dəhlizinin həyat qabiliyyətini nümayiş etdirməyə imkan verdi.
Regiondakı vəziyyətlə bağlı cari risklərə baxmayaraq, biz uzunmüddətli perspektivdə bu modelin dayanıqlılığına əminik. Məqsədimiz şəffaflıq, bazar inteqrasiyası və dayanıqlılıq prinsiplərini dəstəkləməkdir. Şəffaf və vahid tarif siyasəti, eləcə də Cənub Qaz Dəhlizinə çıxış bu marşrutu biznes və potensial investorlar üçün daha cəlbedici edəcək.

- Azərbaycan tərəfi ilə bioqaz istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanı müzakirə olunurmu? Bunun üçün hansı resurslar və texnologiyalar cəlb edilə bilər və Moldova bu sektora Azərbaycan investisiyalarının cəlb edilməsində maraqlıdırmı? Potensial investorlar üçün artıq konkret meydançalar və ya təkliflər varmı?
- Hazırda Moldovada bioqaz istehsalı potensialı üzə çıxarılmayıb. Bu gün ölkədə cəmi 7 MVt-a yaxın bioqaz əsaslı generasiya gücü quraşdırılıb. Bu, nisbətən bahalı enerji mənbəyidir, lakin onun əsas üstünlüyü sabitlikdir: o, hava şəraitindən asılı olmamaqla yanaşı, külək və ya günəşdən fərqli olaraq qeyri-müntəzəm deyil.
Biz bu istiqamətin inkişafında son dərəcə maraqlıyıq və şübhəsiz ki, Azərbaycan şirkətlərinin və investorlarının iştirakını alqışlayırıq. Əlbəttə, xammal bazasından başlayaraq logistika və əməliyyat xərclərinə qədər bir sıra aspektlər nəzərə alınmalıdır. Lakin biz öz tərəfimizdən bütün lazımi məlumatları, yardım və ekspert dəstəyini təmin etməyə hazırıq.
- Moldova "Yaşıl Enerji Dəhlizi" beynəlxalq təşəbbüsünə qoşulmağı planlaşdırırmı? Enerji təhlükəsizliyi və regional inteqrasiya nöqteyi-nəzərindən bu layihənin hansı faydaları ola bilər?
- Enerji mənbələrinin və onların tədarük yollarının şaxələndirilməsi Moldovanın enerji təhlükəsizliyi üçün əsas məsələdır. Biz "Yaşıl Enerji Dəhlizi" təşəbbüsünün inkişafını diqqətlə izləyir və şübhəsiz ki, ona qoşulmaqda maraqlıyıq. Bu layihə regional inteqrasiyanın mühüm elementi ola və davamlı inkişaf sahəsində ortaq məqsədləri bölüşən ölkələrin enerji sistemləri arasında bağlantını gücləndirə bilər.
- Azərbaycanın enerji şirkətləri Moldovadakı layihələrə nə dərəcədə fəal maraq göstərir? Hansı istiqamətlər əməkdaşlıq üçün prioritet ola bilər - günəş enerjisi, külək enerjisi, hidrogen yoxsa bioenerji?
- Son illərdə Moldovada günəş enerjisinin inkişafı əhəmiyyətli dərəcədə intensivləşib. Fotovoltaik qurğulara maraq yüksək olaraq qalır, xüsusilə nəzərə alsaq ki, investisiya qoyuluşunun böyük hissəsi dövlət dəstəyi olmadan, azad bazar şərtlərinə uyğun olaraq həyata keçirilib.
Külək enerjisi və bioenerjiyə gəlincə, burada potensial yüksək olaraq qalır. Moldova böyük həcmdə biokütlə ehtiyatlarına malikdir və bu istiqamət özəl investisiyalar üçün getdikcə daha çox perspektivli hesab olunur. Biz həmçinin xüsusilə bərpa olunan mənbələri hesabına istehsalın artması kontekstində hidrogen energetikasının inkişafına açığıq.
Azərbaycanlı tərəfdaşlarımızın istənilən investisiyalarını alqışlayırıq. Bu sahələrdə əməkdaşlıq qarşılıqlı fayda gətirə və hər iki ölkənin "yaşıl keçid”ini sürətləndirə bilər.

- Moldova 2025-ci ildə bərpa olunan enerji mənbələri obyektlərinin tikintisi üçün yeni hərraclar keçirməyi planlaşdırırmı? Azərbaycan şirkətləri tərəfindən maraq varmı və xarici investorları cəlb etmək üçün dövlət hansı stimullar və ya dəstək formaları təklif edir?
- Hazırda biz ümumi qoyuluş gücü 165 MVt olan külək və günəş elektrik stansiyalarının tikintisi üzrə ilk tenderin nəticələrinin qiymətləndirilməsini başa çatdırırıq. Payızda həm bərpa olunan enerji mənbələri hesabına əlavə generasiya güclərinin, həm də enerji saxlanc sistemlərinin quraşdırılmasını əhatə edəcək yeni hibrid tenderin keçirilməsi planlaşdırılır. Hazırda Energetika Nazirliyinin mütəxəssisləri enerji sisteminin ehtiyaclarını təhlil edir və gələcək müsabiqə üçün texniki parametrləri hazırlayırlar.
Bundan başqa, elektrik enerjisinin ötürülməsi sisteminin operatoru olan “Moldelectrica” şirkəti bu il enerji sisteminin balanslaşdırılması xidmətləri üzrə ayrıca tender keçirəcək.
Moldova Respublikasının hökuməti mənşə ölkəsindən asılı olmayaraq xarici investorların iştirakını alqışlayır. Biz Azərbaycan şirkətlərinin cəlb edilməsində maraqlıyıq və onları gələcək tenderlərdə iştirak etməyə dəvət edirik.
Moldovada BOEM sektorunda investorlara dəstək məqsədilə istehsal edilən elektrik enerjisinin zəmanətli alışını təmin edən və investisiyaların qaytarılmasına kömək edən üç əsas mexanizm mövcuddur. Birincisi, 2024-cü il yanvarın 1-dən etibarən əvvəlki "net metering" modelini əvəz edən "net billing" sistemi şəxsi istehlak üçün enerji istehsal edən kiçik istehsalçılara münasibətdə tətbiq olunur. İkincisi, 15 il müddətinə sabit tarif hərracda iştirak etmədən 1 MVt-a qədər (günəş enerjisi istehsalı üçün) və ya 4 MVt-a qədər (külək enerjisi istehsalı üçün) gücə malik olan layihələrə şamil olunur. Üçüncüsü, hərrac vasitəsilə paylaşdırılan 15 il müddətinə sabit qiymət gücü 1 MVt-dan (günəş) və ya 4 MVt-dan (külək) yuxarı olan layihələrə tətbiq olunur.
Əlavə olaraq şirkətlər müsabiqə prosedurlarında iştirak etmədən sərbəst bazar şərtləri ilə layihələr həyata keçirə bilərlər.
Biz bütün investorlar üçün şəffaf və proqnozlaşdırıla bilən şərtləri təmin etməyə çalışır və Azərbaycan biznesinin Moldovanın enerji transformasiyasının fəal hissəsinə çevriləcəyinə ümid edirik.