Alparslan Bayraktar: Sentyabr ayında Vandakı qaz yataqlarında qazma işləri aparılacaq

Bakı, 28 avqust, AZƏRTAC

Türkiyənin enerji sahəsində xaricə asılılıqdan xilas olması üçün Qara dəniz qazı və neftinin kəşfinin böyük əhəmiyyəti var.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. Türkiyəli nazir qeyd edib ki, ölkəsi hər il 50 milyon ton neft və neft məhsulları idxal edir. Nazir pul ekvivalentini diqqətə çatdıraraq vurğulayıb ki, 2022-ci ildə təqribən 40 milyard dollar olub. Təbii qazda 55 milyard kubmetr idxal olub. Bunun ötən il üçün pul ekvivalenti 38,4 milyard dollardır. Türkiyə 38 milyon ton kömür idxal edib. Bunun pul ekvivalenti təqribən 9-10 milyard dollar təşkil edir. Ona görə də belə böyük idxal maddəsi ilə məşğul olmaq və xarici asılılığı azaltmaq enerji siyasətimizin ən fundamental prioritetləri sırasındadır.

Alparslan Bayraktar əlavə edib ki, Qara dəniz bölgəsində qaz hasilatı ilə bağlı ciddi işlər aparılıb. O 15-18 milyard kubmetr hasilatın olacağını deyib. Onun sözlərinə görə, bu gündən hasilat 20 min barelə yüksəlib. O, hədəfin 2025-ci ilə qədər 100 min barelə çatdırmaq olduğunu söyləyib.

Nazir bundan başqa Türkiyənin Qabar və Sakarya qaz yataqları böyüklüyündə bir neçə kəşfiyyata ehtiyacı olduğuna diqqət çəkib. Onun sözlərinə görə, sentyabr ayında Vanda qazma işləri aparılacaq. Bununla xarici asılılığı azaltmaq üçün addımlar atılacaq.

Nazir Kato dağında qazma işlərinin davam etdiyini və ilin sonuna qədər yaxşı xəbərlər olacağını bildirib.

Bayraktar Türkiyənin Yaxın Şərq, Şimali Afrika, Qafqaz, Orta Asiya və Rusiya kimi dünya neft və təbii qazının üçdə ikisinin yerləşdiyi bölgəyə yaxın olduğuna diqqət çəkib. BOTAŞ və Türkiyənin özəl enerji şirkətləri Liviya, İraq, Orta Asiya və Qafqazda daha intensiv fəaliyyət göstərəcəkləri dövrə qədəm qoyublar.