Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığa dair danışıqlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan-Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.
E.Əliyev qeyd edib ki, göstərilən səylər nəticəsində Çin şirkətləri ilə sənaye, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, İKT və ipəkçilik kimi sahələrdə birgə layihələr həyata keçirilir.
“Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Ölkəmizin günəş və külək enerjisi potensialı ilə Çinin yaşıl texnologiyalar sahəsindəki təcrübəsi sinerji yaradaraq birgə layihələrin reallaşdırılması üçün əlverişli mühit formalaşdırıb. Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan aparıcı Çin şirkətləri ilə genişmiqyaslı günəş və külək enerjisi layihələri, enerji saxlama sistemləri və “ağıllı şəbəkə” infrastrukturunun inkişafını əhatə edən mühüm sazişlər imzalayıb. Həmçinin, Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycanla Çin şirkət və qurumları arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb”, - deyə nazirin birinci müavini qeyd edib.