Hakan Fidan: Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti gündən-günə artır

Bakı, 11 sentyabr, AZƏRTAC

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti gündən-günə artır və dövlətlərin iqtisadi əməkdaşlıq əlaqələrini daha da genişləndirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan qazaxlı həmkarı Murat Nurtlenu ilə görüşündə deyib. H.Fidan qeyd edib ki, Qazaxıstan Türk dünyasının inteqrasiyasında mühüm rol oynayan dövlətdir və Türk Dövlətləri Təşkilatlarının (TDT) strukturunun güclənməsi istiqamətində səylərini davam etdirir.

Xatırladaq ki, TDT-nin 10-cu sammiti cari ilin noyabrında Qazaxıstanda keçiriləcək.

Türk mətbuatının verdiyi məlumatlara görə, bu sammitdə əsas müzakirə mövzusu nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi olacaq. Çindən Avropaya və əks istiqamətə daşınan yüklər Orta Asiyadakı türk respublikalarının ərazisindən keçərək Transxəzər dəhlizi ilə Azərbaycana, buradan isə Türkiyə və Avropaya aparılacaq. Bu marşrut həm səmərəli, həm də zaman baxımından yüklərin tez çatdırılmasını təmin edir.