bp Azərbaycan artıq 33 ildir ki, ölkəmizdə fəaliyyət göstərir və bu müddət ərzində dövlətimizin ən strateji enerji ehtiyatlarının idarə olunması bizə etibar edilib.
Trend xəbər verir ki, bu fikirləri bu gün Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.
“Bu illər ərzində Xəzər dənizində yerləşən yataqlardan 4,5 milyard barrel neft, 257 milyard kubmetr qaz, eyni zamanda 60 milyard kubmetr qaz AÇG yatağından hasil edilərək dövlətə təhvil verilib. AÇG yatağından hasil olunan qaz Xəzər dənizi üzrə ümumi qaz hasilatının təxminən 25%-ni təşkil edir. Bu isə həmin yataqların nə qədər böyük potensiala malik olduğunu göstərir”.
O bildirib ki, fəaliyyətin ən qürurverici tərəflərindən biri isə bütün əməliyyatlarımızın təhlükəsiz şəkildə, sənaye standartlarına tam uyğun, heç bir ciddi qəza baş vermədən həyata keçirilməsidir.
“Azərbaycan üzrə fəaliyyətimiz dövründə təhlükəsizlik və inkişaf sahəsində yerli və beynəlxalq həmkarlarımızla birlikdə çalışmış, ən yüksək qlobal standartların tətbiqini təmin etmişik”.