Azərbaycan 2025-ci ilin oktyabr ayında Türkiyəyə təbii qaz tədarük edən üç ən böyük ölkə sırasında mövqeyini möhkəmləndirib.
Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə istinadən xəbər verir.
Hesabat dövründə Türkiyə Azərbaycandan 996,80 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2024-cü ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 1,17 faiz azdır. Bununla yanaşı, Azərbaycan aylıq tədarük həcmlərinə görə İran İslam Respublikasını geridə qoyaraq, Rusiya Federasiyasından sonra Türkiyəyə boru kəmərləri vasitəsilə qaz tədarük edən ikinci ən böyük ölkə olub.
Eyni dövrdə Türkiyə İran İslam Respublikasından 820,11 milyon kubmetr təbii qaz idxal edib ki, bu da bir il əvvəlki 866,31 milyon kubmetr ilə müqayisədə 5,33 faiz azalma deməkdir. Rusiya Federasiyası isə oktyabr ayında təxminən 1,629 milyard kubmetr təbii qaz ixrac etməklə ən böyük tədarükçü statusunu qoruyub saxlayıb. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici 1,711 milyard kubmetrdən çox olub.
Ümumilikdə, 2025-ci ilin oktyabr ayında Türkiyənin təbii qaz idxalı təxminən 4,105 milyard kubmetr təşkil edib ki, bu da illik ifadədə 3,86 faiz artım deməkdir. Boru kəmərləri ilə idxal olunan təbii qazın həcmi 3,445 milyard kubmetr olub (3,92 faiz azalma), mayeləşdirilmiş təbii qazın idxalı isə 80,05 faiz artaraq 659,40 milyon kubmetr səviyyəsinə çatıb.