Bakı, 11 aprel, AZƏRTAC
Cari ilin aprel ayında Qazaxıstan Azərbaycan vasitəsilə 125 min ton neft ixrac etməyi planlaşdırır.
DHA Press xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin deyib.
“Ötən il “KazMunayQaz” və SOCAR kompaniyaları arasında imzalanan saziş əsasında 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə 1,5 milyon ton neft tədarük edəcəyik. Proses mart ayında başlayıb və ilk iki tanker 20 min ton neftlə yola salınıb. Aprel ayında daha 125 min ton neft ixrac olunacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Bakı digər marşrutlar da təklif edir: “Məsələn, hazırda Bakı-Supsa neft kəmərinin texniki xarakteristikası nəzərdən keçirilir, həmçinin neft dəmir yolu vasitəsilə Batumi və Poti limanlarına da daşına bilər”.
Serik Jumanqarin tranzit marşrutunda vahid operatorun - ucuz tranzit imkanlarına malik, innovativ texnologiyalardan istifadə edilən birgə müəssisənin qurulması məsələsinin dünən Azərbaycan tərəfi ilə aktiv müzakirə olunduğunu da deyib.