Sabah Rusiyadan ABŞ-yə ilk dizel tankeri yola düşəcək

Oktyabrın 22-də Rusiyadan ABŞ-yə dizel daşıyan ilk tanker yola düşəcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Baş nazirin müavini Rusiya ilə ABŞ arasında dizel daşınması üçün müqavilələrin imzalanması prosesinin son mərhələyə çatdığını bildirib.

O, ilk daşınmanın 40 min tonluq tankerlə həyata keçiriləcəyini qeyd edib: "İlk tankerin sabah limandan ABŞ-yə yola düşməsi planlaşdırılır. Daşınmalar gələcəkdə də davam edəcək. İki ölkə liderinin arasındakı razılaşmalara uyğun olaraq, ABŞ-nin dizel ehtiyaclarını bacardığımız qədər ödəyəcəyik”.

A.Novak Rusiyanın ilin sonuna qədər dizel ixracını əvvəlki səviyyələrə qaytara biləcəyini deyib: “Neft emalı zavodlarının istehsal gücündən asılı olaraq ixrac tədricən artırılacaq. İlin sonuna qədər ixracın tam bərpa olunacağı təqdirdə, digər ölkələrə əvvəlki miqdarda dizel daşınmaları həyata keçirilə bilər”.