Danimarkanın Ankaradakı səfirliyi Skandinaviya ölkələrinin, o cümlədən Danimarka nümayəndələrinin sentyabrın 26-27-də Bakıda keçirilməsi planlaşdırılan Skandinaviya ölkələrinin inkişafının “yaşıl modeli”nə dair müzakirələrdə (“NORDIC TALKS: Nordic Green Model”) iştirakının əhəmiyyətini qeyd edib.
AZƏRTAC xəbər verir ki, diplomatik missiyanın sosial şəbəkələrdə dərc olunan paylaşımında qeyd olunur ki, Azərbaycanın paytaxtında qarşıdakı müzakirələr BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunacaq.
Layihənin məqsədi Skandinaviya ölkələrinin bərpa olunan enerji mənbələrinə keçid və iqlim dəyişikliyi problemlərinin həllində təcrübəsini nümayiş etdirməkdir.
Diplomatik nümayəndəlik xatırladıb ki, 1978-ci ildə Danimarkada dünyada ilk dəfə olaraq böyük külək turbinləri, 1991-ci ildə isə ilk dəniz külək stansiyası istifadəyə verilib.