Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti atəş nöqtələri məhv edilib - MN

Bakı. Trend:

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti uzunmüddətli atəş nöqtələri və hərbi təyinatlı obyektlər bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib.

Bu barədə trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.