Şuşa gecə boyu atəşə tutulub, strateji obyektlər zərər görüb, şəhərin işıqlandırılmasında fasilələr yaranıb - RƏSMİ

Bakı. Trend:

Dünən gecə boyu Şuşa şəhəri iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub.

Trend xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, nəticədə strateji obyektlər zərər görüb, Şuşa şəhərinin işıqlandırılmasında fasilələr yaranıb:

"Bütün bunlar bir daha göstərir ki, erməni silahlı qüvvələri əvvəlki dövrdə olduğu kimi, mülki şəxslərə qarşı terror cinayətlərini davam etdirir. Qeyd olunan faktlarla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanmaqla istintaq aparılır, əməkdaşlarımız hazırda cinayət işləri üzrə mümkün istinatqa hərəkətlərini həyata keçirir, ilkin sübutları toplayır".

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.