Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkəmizin davamlı inkişaf strategiyasında şəhərsalma və memarlıq sahəsinə verilən xüsusi önəmin bariz nümunəsidir. Bu qərar müasir urbanizasiya çağırışlarına cavab verən, milli-mədəni irsimizi qoruyan, eyni zamanda, innovativ yanaşmaları təşviq edən mühüm dövlət təşəbbüsüdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova deyib. O bildirib ki, son illər Azərbaycanda həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan yeni yaşayış məkanları müasir memarlıq düşüncəsinin, ekoloji tarazlığın və insan mərkəzli planlaşdırmanın uğurlu sintezidir. “Şəhərsalma və Memarlıq İli” bu proseslərin daha sistemli, elmi əsaslara söykənən və beynəlxalq təcrübə ilə uzlaşdırılmış şəkildə davam etdirilməsinə güclü stimul verəcək.
“AzMİU-nun Memarlıq fakültəsi olaraq biz bu ili memarlıq təhsilinin keyfiyyətcə yeni mərhələyə keçidi, elmi-tədqiqatların genişləndirilməsi, gənc memar və şəhərsalma mütəxəssislərinin formalaşdırılması baxımından mühüm fürsət kimi dəyərləndiririk. Əminik ki, Prezident İlham Əliyevin bu strateji qərarı Azərbaycanın şəhər mühitinin daha estetik, funksional və dayanıqlı şəkildə inkişafına, eyni zamanda, milli memarlıq məktəbinin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət edəcək”,- deyə professor fikrini yekunlaşdırıb.