Azərbaycanın son illər Avropadakı daimi təmsilçisi “Qarabağ” bu mövsüm UEFA Çempionlar Liqasında (ÇL) parlaq səhifə yazdı. Ötən ilin yayından bəri öz çıxışı və nəticələri ilə dünya gündəmini zəbt edən Azərbaycan çempionu pley-off mərhələsinədək irəliləməyi bacardı. Həm də çoxlarının inanmadığı halda. Mövsümün startında komandanın bəzi aparıcı üzvlərinin ideal formada olmaması, keyfiyyətli transferlərin edilməməsi ilə bağlı tənqidlər artmışdı. Bir çoxları hesab edirdi ki, baş məşqçi Qurban Qurbanovun illərdir tətbiq etdiyi oyun fəlsəfəsi artıq Avropada uğur qazanmaq üçün kifayət etmir. Xüsusilə 2024/2025-ci illər mövsümündə Avropa Liqasının əsas mərhələsində komanda sonuncu - 36-cı yeri tutduqdan sonra bu versiya daha da güclənmişdi. Amma necə deyərlər, sən saydığını say, gör, Qurban Qurbanov nə sayır.

Çempionlar Liqasına inamlı start
Ötən mövsüm Premyer Liqada 12-ci çempionluğunu qazanan “köhlən atlar” yenidən Çempionlar Liqasında iştirak hüququ əldə etdi. Turnirə ikinci təsnifat mərhələsindən start verən Ağdam təmsilçisi ilk sınaqda İrlandiyanın “Şelburn” klubu ilə qarşılaşdı. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda evdə 1, səfərdə isə 3 cavabsız qolla qalib gələrək növbəti raunda adladı. Üçüncü təsnifat mərhələsində rəqib Şimali Makedoniya çempionu “Şkendiya” idi. “Qarabağ” hər iki matçda rəqibini məğlub edərək (ümumi hesab 6:1) pley-offa vəsiqə qazandı. ÇL-də əsas mərhələyə düşmək üçün cəmi bir maneə qalmışdı – “Ferensvaroş”. Macarıstan klubu Ağdam təmsilçisi üçün köhnə “tanış” idi. 2022-2023-cü illər mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində bu komandanı mübarizədən kənarlaşdıran “Qarabağ” bu dəfə pley-offda rəqibinə eyni aqibəti yaşatdı. Budapeştdə 3:1 hesablı qələbəyə sevinən “köhlən atlar” Bakıdakı məğlubiyyətə (2:3) baxmayaraq, tarixində 2-ci dəfə Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanaraq adını Avropanın ən güclü 36 klubu sırasına yazdırdı. Azərbaycan çempionu ilk dəfə 2017/2018-ci illər mövsümündə bu uğura imza atmışdı.

Dünya nəhənglərinə qarşı layiqli mübarizə
Liqa mərhələsi “Qarabağ” üçün əsl sınaq meydanına çevrildi. Turnirin ən zəif 2-3 komandasından biri hesab olunan Ağdam təmsilçisinin əsas mərhələdə sürprizlərlə dolu yolu Portuqaliyadan başladı. İlk turda səfərdə Avropa futbolunun adlı-sanlı klublarından “Benfika” üzərində qazanılan 3:2 hesablı qələbə Azərbaycan çempionu barədə proqnozları alt-üst etdi. Ardınca Bakıda Danimarka “Kopenhagen”nin məğlub edilməsi “Qarabağ”a inamı bir qədər də artırdı. İspaniyada “Atletik”ə uduzan “köhlən atlar”ın Bakıda İngiltərə nəhəngi “Çelsi”dən xal alması isə Avropada böyük rezonans doğurdu. Artıq heç kim “Qarabağ”a autsayder kimi baxmırdı və komanda inamla növbəti mərhələyə doğru irəliləyirdi. Sonrakı 2 turda səfərdə “Napoli”yə və evdə “Ayaks”a məğlubiyyətlər ruh düşkünlüyünə səbəb olsa da, “Qarabağ” təslim olmadı. V turda doğma meydanda Almaniya “Ayntraxt”ı üzərində 3:2 hesablı əzmkar qələbə isə təmsilçimizin pley-offa yolunu açdı. Son turda “Liverpul”a böyükhesablı (0:6) məğlubiyyət belə, “Qarabağ”ın yolunu kəsə bilmədi. Komanda Liqa mərhələsində 8 turluq mübarizəni 22-ci yerdə başa vuraraq adını növbəti raunda yazdırdı və Azərbaycan futbolunda tarixi uğura imza atdı. Yeri gəlmişkən, “Çelsi” ilə Bakıda heç-heçə edən “Qarabağ” İngiltərə təmsilçilərinə qarşı oyunlarda xal qazanan ilk Azərbaycan klubu oldu. Qurban Qurbanovun yetirmələri bunadək ingilis komandaları ilə keçirdikləri 6 matçın hamısında məğlub olmuş və həmin görüşlərdə cəmi 1 qol vurmuşdular. Bundesliqa təmsilçisi “Ayntraxt”la qarşılaşma isə dramatik sonluğu ilə uzun illər xatirələrdən silinməyəcək iz buraxdı. “Qarabağ” matçın bitməsinə 12 dəqiqə qalmış hesabda geri düşsə də, 80-ci dəqiqədə Kamilo Duranla əvvəlcə hesabı bərabərləşdirdi, son saniyələrdə isə Bəhlul Mustafazadənin vurduğu qələbə qolu ilə azarkeşləri sevinc göz yaşlarına qərq etdi.

Avropada son dayanacaq
Pley-off mərhələsində püşk komandamızın qarşısına İngiltərə Premyer Liqasının iddialı klublarından “Nyukasl”ı çıxardı. Bu qarşılaşma həm heyət dəyəri, həm də oyun səviyyəsi baxımından “Qarabağ”ın cari mövsümdə ən çətin imtahanı oldu. Bakıda keçirilən ilk matçda rəqibinə 1:6 hesabı ilə uduzan “köhlən atlar” öz avrokuboklar tarixində ən ağır ev məğlubiyyətlərindən birini yaşadı. Buna baxmayaraq, İngiltərədəki cavab oyununda komanda böyük şücaət göstərdi. Tarixi “Sent-Ceyms Park” stadionunda Kamilo Duran və Elvin Cəfərquliyevin vurduğu qollar sayəsində matç 3:2 hesabı ilə başa çatdı. Bu, “Qarabağ”ın cari mövsüm üçün Avropa macərasının son səhifəsi idi. Amma bu, həm də yeni uğurların başlanğıcıdır. Qurban Qurbanovun da dediyi kimi, hər məğlubiyyət komandanı daha böyük qələbələrə hazırlayır.
Hər şey üçün təşəkkürlər, “Qarabağ”!
