Şanlıurfanın Siverek rayonunda özünü şagird valideyni kimi təqdim edən bir şəxsi direktor müavininə bıçaqlı hücum etməyə çalışıb.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Şanlıurfa Valiliyi bildirib ki, Siverek rayonundakı bir orta məktəbə gələrək özünü valideyn kimi tanıdan şəxs şübhəli davranışlar sərgilədiyi üçün məktəbdə xidmət aparan polis tərəfindən zərərsizləşdirilib.
“Bu gün Siverekdə yerləşən Dumlupınar orta məktəbinə gələrək özünü şagird valideyni kimi təqdim edən və şübhəli hərəkətlər edən bir şəxs məktəbdə olan polisimiz tərəfindən zərərsizləşdirilib”,- deyə o bildirib.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, bu həftə Türkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində ardıcıl iki gün ərzində məktəblərdə silahlı hücumlar baş verib. Şanlıurfanın Siverek rayonunda liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb, hücumu törədən məktəbin keçmiş şagirdi polis müdaxiləsi zamanı özünü öldürüb. Ertəsi gün Kahramanmaraşın Onikişubat rayonunda orta məktəbdə baş verən hücumda isə 10 nəfər həlak olub, ümumilikdə 19 nəfər yaralanıb. Hücumu törədən 14 yaşlı şagird zərərsizləşdirilən zaman aldığı xəsarətlərdən ölüb. Hər iki hadisə qısa zaman intervalında baş verdiyi üçün ölkədə ciddi ictimai rezonans doğurub və məktəblərdə gücləndirilmiş təhlükəsizlik tədbirlərinə yol açıb.