Metronun bağlanmasının əsas səbəbi açıqlandı (YENİLƏNİB)

Bu gün saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş verən qısaqapanma səbəbindən təmas şəbəkəsinə elektrik enerjisinin verilməsində kəsinti yaranıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, qatarların hərəkəti elektrik enerjisindən asılı olduğundan yüksək gərginliyin kəsilməsi nəticəsində qeyd olunan sahədə qatarların hərəkəti müvəqqəti olaraq dayanıb.

Bundan əlavə o bildirib ki, Bakı metrosunda baş verən texniki insident nəticəsində insan itkisi olmayıb.

O qeyd ki, sərnişinlərin sağlamlığı və təhlükəsizliyi Bakı Metropoliteni üçün prioritet vəzifə olduğu üçün Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq dərhal müvafiq tədbirlər görülüb.

“İlk növbədə bütün stansiyalarda istisnasız olaraq sərnişin axınının və sərnişin hərəkətinin tənzimlənməsi ilə bağlı müvafiq təlimatlar verilib, sərnişinlərimizin rahatlığı üçün onların müraciətlərinə diqqət edilməsinə xüsusi önəm verilib. Bundan əlavə olaraq, dərhal texniki araşdırmalara başlanılıb. İlkin verdiyim məlumat budur, amma bütün məsələlər texniki müstəvidə xüsusi qaydada araşdırılacaq, bütün versiyalar təhlil ediləcək”.

Bəxtiyar Məmmədov qeyd edib ki, Bakı metrosunda bugünkü hadisə baş verən zaman xətlərdə 30 qatar olub, onlardan cəmi 4-ü tuneldə olub.

O bildirib ki, hər hansı sərnişin şikayəti, hər hansı sərnişinin özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb:

“Bununla belə, Bakı Metropoliteni bununla əlaqədar preventiv tədbirlər görüb. Hadisənin araşdırılması yaxın günlərdə tam və müfəssəl şəkildə təmin olunacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Metropolitenin xətlərinə gərginliyin bərpa olunması saat 14:00 radələrində təmin olunub, daha sonra saat 15:00-a qədər Bakı Metropoliteni xətlərində qatarların hərəkətinin tənzimlənməsi və yoxlanılması tədbirləri həyata keçirilib və saat 15:30-dan etibarən sərnişin qəbulu başlanıb”.

Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni normal qrafik üzrə hərəkət cədvəlinə uyğun fəaliyyətini davam etdirir, bütün stansiyalar istisnasız olaraq sərnişinlərə xidmət göstərir.

Onun sözlərinə görə, Bakı metrosunda baş vermiş hadisə zamanı hər hansı yanğın qeydə alınmayıb.

“Qısaqapanmanın texniki xarakteri də bundan ibarətdir ki, onun nəticəsində bütün mühafizə sistemləri, eyni zamanda tunellərimizdə olan rele mühafizə sistemləri vaxtında işə düşüb və bunun nəticəsində hər hansı hadisə baş verməyib:

“Hətta bu hadisə nəticəsində hər hansı yanğın və ya digər fəsadın baş verməsi qeyri-mümkün olub”.

xxx

15:06

Bakı metropoliteninin fəaliyyəti bərpa olunub.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilir ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

"Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - qurumdan əlavə olunub.

xxx

14:48

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

xxx

13:06

 

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilir ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik.

xxx

12:57

"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilir ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

12:45

“Bakı Metropoliteni” QSC-də baş verən texniki nasazlıqla bağlı vəziyyət açıqlanıb.

Trend xəbər verir ki, qurumdan bildirilib ki, metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Hazırda nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumatın veriləcəyi qeyd olunub.

xxx

12:34

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.