Metroda baş verən insident nəticəsində xəsarət alanlar olub

Bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranması nəticəsində xəsarət alanlar olub.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfər (qadın) - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".

 

9 nəfərə isə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərildiyi qeyd olunub.

Xatırladaq ki, bu gün 12:10 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara giriş dayandırılıb. Bir saatdan sonra problem aradan qaldırılıb, stansiyalara giriş bərpa edilib.