Kubada yeni şəhər strukturunun tətbiqi üçün dövlət planı mövcuddur. Bu plan səkkiz strateji istiqamətdən ibarətdir və dövlət, əyalət və bələdiyyə səviyyəsində şəhərlərin kompleks inkişafına imkan yaradır.
Trend xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən İki region, bir gündəm: inklüziv şəhər yenilənməsi üçün dərslər adlı panel müzakirəsində Kubanın Milli Ərazi Planlaşdırılması İnstitutunun vitse prezidenti cənab Antonio Fuervelo deyib.
O bildirib ki, əsas alətlərdən biri isə Milli Ərazi və Şəhərsalma Sxemidir:
“Ölkə səviyyəsindən başlayaraq əyalət və bələdiyyə səviyyəsinə qədər hər birinin öz ərazi və şəhərsalma planı var və şəhərlərin urbanizasiya prosesi bu planlar vasitəsilə idarə olunur. Bu planlar dövlət tərəfindən idarə olunan və əyalətlərlə bələdiyyələr tərəfindən icra edilən digər dövlət proqramları ilə də əlaqələndirilir”.
Məsələn, “Həyat Tapşırığı” adlı dövlət proqramı iqlim dəyişiklikləri ilə mübarizəyə yönəlib. Bu proqram vasitəsilə daha həssas şəhərlərə üstünlük verilir və fövqəladə hallar və təbii fəlakətlər zamanı Mülki Müdafiə qərargahı ilə birlikdə qabaqlayıcı tədbirlər görülür.
Digər proqramlardan biri “Plan Turquino”dur. Bu proqram dağlıq və çətin əlçatan ərazilərdə yaşayan icmaların inkişafına yönəlib.
Bu proqramlar qadınlara, üçdən çox uşağı olan tək analara, yaşlılara və əlilliyi olan uşaqlara yönəlmiş sosial siyasətlərlə də əlaqələndirilir. Bütün bu siyasətlər Kubanın yeni şəhər gündəliyində müəyyən edilmiş müxtəlif istiqamətlər vasitəsilə həyata keçirilir və ölkənin üzləşdiyi məhdudiyyətlərə baxmayaraq inkişaf etdirilir”.
Antonio Fuervelo vurğulayıb ki, hazırda Kubada enerji sahəsində də güclü siyasət həyata keçirilir:
“Ölkəmizə neft və yanacaq çatdırılmasının faktiki olaraq qarşısının alınması bizi alternativ proqramlar inkişaf etdirməyə məcbur edib. Bunlardan biri günəş panellərinin quraşdırılması və alternativ enerji mənbələrinin istifadəsidir.
Bəzi ölkələrin həmrəy dəstəyi sayəsində bu panellərin alınmasını təmin edə bilmişik. Mövcud vəziyyətə baxmayaraq, ən həssas icmalara əsas xidmətləri çatdırmağa nail olmuşuq. Bu enerji xəstəxanalar, poliklinikalar, həyati əhəmiyyət daşıyan xidmət mərkəzləri, üçdən çox uşağı olan tək anaların yaşadığı evlər, valideyn himayəsindən məhrum uşaqların yaşadığı məkanlar, əlilliyi olan uşaqlar və xüsusi tibbi yardıma ehtiyacı olan insanlar üçün təmin edilir.
Su təchizatı ilə bağlı da böyük proqram həyata keçirilir. Ölkənin çətinliklərinə baxmayaraq, ən həssas bölgələrə su çatdırılması təmin olunur”.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.